Parıltılı qır-qızıl, bahalı ayaqqabılar və gözəgəlimli saatlar…Nisbətən diqqətçəkən aksesuarları demək olar ki, hər kəs sevir. Amma arxeoloji dəlillər göstərir ki, bədənimizi bəzəməklə bağlı olan bu aludəçiliyimiz bizi insan edən amillərin vacib bir qismini əhatə edir. Bəs özümüzü bəzəmək üçün niyə bu qədər çox xərcləyirik?

Qısa cavab: Çünki zinət əşyalarını əlaqə vasitəsi olaraq istifadə edirik. Məsələn, nişan üzüklərini götürək. Bir çox ölkədə sol əlin üzük barmağındakı parıltı onu taxan şəxsin evlənmək üzrə olduğunu göstərir. Barmaqdakı bu üzük müəyyən bir mesaj daşıyır.

Əslində geyindiyimiz hər şey ətrafa mesaj göndərir. Seçdiyimiz paltarlar və ya taxdığımız zinət əşyaları ətrafımıza kim olduğumuz barədə mesajlar verir. İdmançı, həkim, musiqiçi və s. Geyim və aksesuarlara dair bəzi seçimlər şüurlu şəkildə edilərkən, bəziləri məna yüklənərək edilmir – lakin yenə də taxdığımız və ya geyindiyimiz hər şey nəyisə ifadə edir.

Parlaq çardaq quşları olduqca cəzbedici qumaşı xatırladan bədənə sahibdirlər. Bu növün erkəkləri dişilərin diqqətini çəkmək üçün yuvalarının ətrafını mavi əşyalarla bəzəyirlər. Oxşar hərəkətlər suyun altında da özünü göstərir; erkək fuqu balıqları okean dibində möhtəşəm geometrik cizgilər yaradırlar.

Bəs bu davranışlar biz insanların etdiyindən fərqlidirmi?

Çardaq quşları və fuqu balıqlarının erkəkləri dişilərin diqqətini çəkməyə fokuslanırlar. Mesajları olduqca sadədir. ”Buradayam və sağlamam”. Bu mesajı necə göndərmələri lazım olduğuna dair hər hansı qarşılıqlı dialoqa ehtiyac duymurlar, sadəcə mesaj verirlər.

Arxeoloqlar üçün bədən bəzəklərini tapmaq qədim insanın düşüncələrini anlamaq üçün ən yaxşı işarələrdən biridir. Arxeoloji qeydlərdə ilk dəfə bu bəzəklərin müşahidə olunması insan beyninin subyektiv kimlikləri ifadə edəcək qədər qarışdığının sübutudur.

Təkamül müddətinin ilkin mərhələlərində bəşər övladı müəyyən bir ərazi boyunca yayılmış kiçik qruplar halında yaşayırdı. Hər kəs hər kəsi tanıyırdı və qrupun xaricindəki əcnəbilərlə olan əlaqələr çox nadir hallarda müşahidə olunurdu. Amma əhalinin artması hər kəsi yaxından tanımadığımız reallığı getdikcə daha kompeks hala düşən sosial dünyanın inkişafına səbəb oldu. Bu da kimliyimizi insanlara izah etmək məcburiyyətində olduğumuz demək idi.

Yəni, şəxsi statusumuza (evli, dul, lider, ovçu və s.) və qrup üzvlüyümüzlə bağlı mesajlardan ibarət olan müəyyən şeylər geyinməyə və ya taxmağa başladıq.

Bədən bəzəklərinin ilk nümunələri 285.000 il əvvəl Afrikada müasir insanlar tərəfindən bədən boyaları kimi istifadə olunan – mineral torpaq boyası – qırmızı piqmentlərdir. Maraqlıdır ki, uzun müddət sonra (təxminən 250.000 il əvvəl) neandertalların Avropada da eyni boyadan istifadə etdiklərini görürük. Lakin boyanın ömrü qısa idi. Yağış yağarkən və ya elə öz-özünə asanlıqla silinirdi.

Və daha sonra muncuqlardan istifadə başladı. Muncuqların yenidən və yenidən istifadə olunması onları hazırlamaq üçün lazım olan vaxta və enerjiyə də qənaət demək idi və insanlar muncuqlara həm ehtiyac duydular, həm də onların üstünlüklərini gördülər.

Təxminən 100.000 il əvvəl Afrika və İsraildəki insanlar Nassarius adlandırılan kiçik ağ qabıqların axtarışına çıxmışdılar. Bu qabıqların səthləri boyunca dəlik açırdılar, beləliklə onları bir yerdə saxlaya bilirdilər və qırmızı bədən boyası ilə yanaşı istifadə edirdilər.

Ən qədim muncuqların dəniz qabıqlarından hazırlanması təsadüfi deyildi. Çünki bu qabıqlar sevdiyimiz formalarda (yuvarlaq), sevdiyimiz rənglərdə (ağ, qara və krem) və sevdiyimiz parlaqlıqda idilər. Kiçik qabıqlar eyni zamanda sarsılma və ya qırılmağa da dözümlü idilər. Bundan başqa, olduqca müxtəlif çeşidlərə salına bilirdi ki, bu da bir-birindən fərqli mesajlar vermə üstünlüyü bəxş edirdi.

Zaman ərzində yeni bəzək əşyaları hazırlaya bilmək və daha çox mesaj göndərə bilmək üçün açıq rəngli parlaq materiallar tapdıq (sümük, diş, buynuz, daş və s.)

Bəs yaxşı, muncuqlardan daha dözümlü nə tapmaq olardı? Tatuaj kimi də tanınan dərinin dermis təbəqəsinə mürəkkəb yerləşdirmək bir başqa bədən bəzəyi funksiyasını daşıyırdı. Tatuajın ən qədim dəlilləri buz adam Ötzidə müşahidə olunsa da Avropada tapılan heykəllər tatuajın ən az 30.000 illik tarixinin olduğunu göstərir.

Böyük ehtimalla, 5300 il əvvəl belinə dəyən oxla öldürülmüş Buz adam Ötzinin təxminən 61 ədəd dəri izi var idi. İki misir mumiyasında və 2500 illik Sibir şəhzadəsində də tatuaj izlərinə rast gəlinib.

Bədən bəzəkləri ünsiyyətlə yaxından əlaqəlidir. Bu işarələrlə arxeoloqlar sadəcə zehinlərimizin inkişafını izləməklə kifayətlənmədilər, eyni zamanda cəmiyyətlərimizin inkişafını da izləyə bildilər. Arxeoloji qeydlərdə daha çox bədən bəzəyi daha çox əlaqə olduğu anlamına gəlir. Üzərində işlənmiş daş-qaş kimlərlə oturub-durduğumuzun işarəsidir və yeni bəzək növləri şərtlərin dəyişdiyinə ən sadə misaldır. Hər nə qədər ölkəmizdə toplum tərəfindən iyrənc rəylər bildirilsə də bütün bəzək əşyaları dəyərlidir, çünki bu əşyalar insanı təsvir edir.