Tərcümə:     Könül Cəfərova    

Yəqin ki, siz Florida, Puerto Riko ve Bermud adaları arasındakı okean sahəsində, Bermud üçbucağı (və ya Şeytan üçbucağı) adlanan ərazidə təyyarələrin və gəmilərin müəmmalı şəkildə yoxa çıxması haqqında əfsanələr eşitmisiniz. Alyaskanı on illərdir ki, çox ciddi itkilər təqib edir. Alyaskada ”Alyaska üçbucağı” və ya ”Alyaskanın Bermud Üçbucağı” adlanan ayaq basılmamış çöllük bir ərazi var. Əslində, necə adlandırılmasının fərqi yoxdur, çünki biz tropik qohumundan daha ölümcül olan bir ərazidən söhbət açacağıq.

Alyaskada itkin

Alyaska Üçbucağının sərhədi ölkənin şimal sahilindəki Baroudan cənub sahilindəki Ankorik və Cunoya qədər uzanan ayaq basılmamış çox geniş əraziləri əhatə edir. Uzanan meşələr, buzlu dağ zirvələri və tənha tundra dünyanın ən təhlükəli yerlərindən hesab olunur. Burada hər il yüzlərlə axtarış və xilasetmə əməliyyatları keçirilir, amma təhlükəsizlik xidməti işçiləri çox nadir hallarda kimisə canlı və ya cansız tapa bilirlər. Meyidlərin əksəriyyətinə parçalanmış halda rast gəlinir. 

Alyaska Üçbucağı ilk dəfə 1972-ci ildə ABŞ nümayəndələr palatasının lideri Hale Boggsun şəxsi təyyarəsinin Ankorik və Cuno arasında itməsi ilə diqqətləri üzərinə çəkdi. 

Bu müəmmalı hadisə ölkənin ən böyük axtarış və xilasetmə əməliyyatlarından birinin aparılmasına səbəb oldu. Axtarışlarda 40 hərbi və 50 mülki təyyarə iştirak etməklə 39 gün ərzində təxminən 25.000 kv. metr ərazi müşahidə olundu. Amma 39-cu günün sonunda axtarışlar heç bir nəticə vermədən dayandırıldı. 

Nəzərə almaq lazımdır ki, bu itkin düşmüş yeganə təyyarə deyildi. 1950-ci ildə 44 sərnişindən ibarət hərbi təyyarə bu bölgədə heç bir iz qoymadan yoxa çıxmışdı. 1990-cı ildə isə 1 pilot və 4 sərnişini daşıyan ”Cessna 340” qeyb oldu və o vaxtdan bəri hələ ki, heç kim bu təyyarənin başına nələrin gəldiyi ilə bağlı dəqiq fikirlər ortaya ata bilmir. 

3-cü vacib itkidən sonra məlum oldu ki, bu hadisələr heç də nadir hallarda baş vermir. Çünki statistika 1988-ci ildən bəri Alyaska üçbucağında 16.000-dən çox insanın yoxa çıxdığını göstərir. Bu rəqəm Alyaskada hər 1000 nəfərdən 4-nün itkin düşdüyünə işarə edir. 

Təbiət yoxsa müəmma?

1947-ci ildə Cənubi Amerika Hava Yollarına məxsus ”Lancastrian 3 Star Dust” təyyarəsi Argentinanın Buenos-Ayres şəhərindən havaya qalxdı və Çilinin paytaxtı Santiaqoya uçarkən yoxa çıxdı. Hadisənin səbəbi 50 ildən daha artıq bir müddətdə üstüörtülü qaldı. Lakin 1998-ci ildə 2 argentinalı alpinist Tupungato dağına qalxarkən təyyarənin qalıqlarına rast gəldilər. Tətqiqatçılar düşündülər ki, Star Dust buzlaqların arasındakı boşluğa düşərək qar uçqununa səbəb olub və yuxarıdan uçub gələn qar təyyarəni tamamilə udub. Lakin Alyaska hadisələrində təyyarələrin eyni hadisə səbəbilə yoxa çıxdıqları ehtimalı olduqca aşağıdır. Bəs onda, təyyarələrlə yeni macəralar axtaran səyyahların və onlara bələdçilik edən sakinlərin başına nə gəlib? Biz sadəcə bir inancı sizlərlə bölüşəcəyik. Baxmayaraq ki, bu versiya da öz təsdiqini tapmayıb. 

Belə ki, müəllifi Dennis Waller olan ”Alyaskanın nəhəng ayaqlısı Kuştakanın axtarışında” adlı kitabı yerli hinduların ”qar adamı” mənasını verən canlısını araşdırır. Əfsanələrə görə bu varlıq Alyaska üçbucağını əhatə edən ərazilərdə təyyarələrin qarşısına gözlənilmədən çıxır və onları məhv edir. Bəziləri bu bədheybətlərin sayının birdən çox olduğunu deyir. Hər bir halda bugünə qədər Kuştakanın görüntüsünü əldə etmək mümkün olmayıb. 

QEYD:Əgər Alyaskanın vəhşi təbiətini səyahət etməyə qərar vermisinizsə o zaman təhlükəsizlik üçün ”Klirinq İtkin Düşmüşlər Bürosu” ilə mütləq əlaqə saxlayın.