Bakteriyalar hər yerdədirlər: suda, torpaqda, havada, əşyalarımızın üzərində, dərinizdə və hətta bağırsaqlarımızda! Düzdür, bədənimizdəki bakteriyaların böyük əksəriyyəti bizim üçün həyati önəmi olan faydalı bakteriyalardır, lakin aralarında pusquda durmuş hiyləgər patogen (xəstəlik törədici) bakteriyalar da var. Dərinizdə açılacaq ən kiçik bir yara belə onlar üçün böyük bir fürsətdir, qida maddələri ilə zəngin bədəninizə dəvətnamədir. İllərboyu davam edən təkamül nəticəsində bədənimiz bakteriyalara qarşı özünü qorumağı bacarmış, immun sistemini yaratmışdır. Amma bakteriyaların təbiətdəki əsas düşməni bizim immun sistemimiz deyil.

1896-cı ildə, ingilis bakterioloq Ernest Hankin Hindistandakı Qanq və Yamuna çaylarında vəba bakteriyalarının sayının azaldığını müşahidə etdi. Fransalı alim Feliks Derelle bu azalmaya səbəb kimi gözəgörünməyən kiçik bioloji agentləri – bakteriya üzərində parazit­lik edən virusları göstərdi. Derelle onları “bacteriophage”, yəni bakteriyaları yeyən virus adlandırdı (Yunanca “phagein” yeyib bitirmək deməkdir).

Bakteriofaqlar protein qabıqdan və içində olan genetik materiallardan ibarət kiçik viruslardır. Onlar bakteriyaların olduğu hər yerdədirlər. Ən çox rast gəlindikləri yer dəniz suyudur – 1 millimetr dəniz suyunda 1 milyard faq tapılmışdır. Faqlar bakteriyaların hüceyrə divarını “quyruq” adlanan hissələri ilə deşərək, öz genetik materiallarını daxil edirlər. Bu materiallar bakteriyanı bir növ “faq istehsal mərkəzi”nə çevirir. Kifayət qədər faq istehsal edildikdən sonra onlar endolizin adlı ferment ifraz edirlər, bu isə öz növbəsində bakteriyanın divarında dəliklər yaradır və beləcə bakteriyanın bütün daxili möhtəviyyatı çölə axıb tökülür. Faqlar eukariot hüceyrələrə (nüvəli hüceyrələr, bitki, heyvan hüceyrələri) daxil ola bilmirlər, çünki bu hüceyrələrdə hüceyrə divarı genetik materialı içərisinə keçirmir.

Bakteriofaqların bu faydalı xüsusiyyətləri insanların nəzərindən yan keçməmişdi. Keçən əsrin əvvəllərində ilk dəfə SSRİ-də faqterapiya adlanan müalicə üsulu yaranmışdır. 50-ci illərin sonlarında antibiotiklərə qarşı müqavimətli bakteriyaların ortaya çıxmasıyla, faqterapiyaya Qərbdə də maraq yaranmışdı. Faqlar antibiotiklərdən fərqli olaraq, yalnızca xüsusi bakteriya tiplərinə hücum edirlər. Beləcə, sizin faydalı bakteriyalarınıza heç bir ziyan verilmir, hədəfə alınmış patogenlər məhv edilir. Bundan əlavə, bakteriyaların faqlara qarşı müqavimətlərinin yaranması da problem deyil, belə ki, faqlar milyardlarla ildir mövcuddurlar, bakteriyalarla birlikdə təkamül keçirirlər. Faqlara qarşı müqaviməti yaranan bakteriyanın antibiotiklərə qarşı müdafiəsi zəifləyir, özünü eyni anda iki tərəfdən də müdafiə edə bilmir.

Bəs nə üçün faqterapiya geniş istifadə olunmur? Bunun səbəbi tam olaraq aydın olmasa da, güman edilir ki, burada maddi problemlər rol oynayır. Antibiotiklər daha tez və ucuz başa gəlirlər. Faqlar hər tip bakteriyalara qarşı effektiv deyillər, yalnızca xüsusi tipləri hədəf aldıqları üçün, təyinatlı faqların toplanıb yetişdirilməsi çox vaxt alan prossesdir. Patogeni məhv etmək üçün çoxlu sayıda bakteriofaq lazımdır, halbuki bu işin öhdəsindən bir-iki antibiotik asanlıqla gəlir. Belə görünür ki, faqterapiya hələ uzun müddət antibiotiklərə alternativ ola bilməyəcək.

Hazırladı: Vüqar Namazov