13 iyul 1978-ci ildə Rusiyanın Protnivo Araşdırma Mərkəzində çalışan elm adamı Anatoli Buqorski faciəvi iş qəzası yaşadı. Demək olar ki, işıq sürətində hərəkət edən, bir fili öldürəcək qədər güclü radiasiya miqdarına sahib proton şüası Buqorskinin başını deşib keçdi. 



   Aparılan araşdırmalara görə bu şüanın insanı öldürə bilməsi üçün 500-600 rad qiymətə sahib olması kifayət edirdi. Buqorski isə 400 rad miqdarına sahib şüaya məruz qalmışdı. Belədə, o, sağ qaldı!
   25 iyun 1942-ci ildə dünyaya göz açan Anatoli 1978-ci ilə qədər Rusiyanın Protnivo şəhərindəki Yüksək Enerji Fizikası İnstitutunda çalışıb. Bu mərkəz hələ də Rusiyanın ən böyük zərrəcik sürətləndirmə təcrübələrindən birinə ev sahibliyi edir. Buqorskinin işini itirməyinə səbəb olan hadisə isə onun az qala həyatı hesabına başa gələn faciə idi. 


   Təqvimlər 13 iyul 1978-ci ili göstərdiyi zaman 36 yaşlı elm adamı hər zamankı kimi işinin başındaydı. Təmirə ehtiyac duyan təchizat hissələrini gözdən keçirərkən mühərrikin üstündəki təhlükəsizlik mexanizmi gözlənilməz formada sıradan çıxdı. Buqorskinin başı əsas proton şüasının keçdiyi yola girdi. Proton şüası işıq sürətinə yaxın sürətlə başının arxasından girib burnundan çıxdı. 
   Onun yaşadığı faciə anına qədər heç kim bir proton şüasının insana necə ziyan vura biləcəyi haqda düşünməmişdi. Başından keçən şüa minlərlə Günəşdən daha parlaq sıxlıqda idi. Möcüzəvi formada bu şəxs faciə zamanı heç bir ağrı hiss etmədi. 
   Bir müddət sonra üzünün sol tərəfi əməllicə şişən Buqorski müalicəsi üçün Moskvadakı hansısa klinikaya aparıldı. Həkimlər onun öləcəyindən olduqca əmin görünürdülər. Hətta onun ölümünü araşdırmaq üçün müşahidə altında saxlamağa başladılar. Qarşıdakı günlərdə şüayla təmasda olan dəri soyuldu. 
   Buqorskinin üzünün sol tərəfi iflic oldu və sol qulağı eşitmə qabiliyyətini itirdi. Qəzadan günlər keçsə də yeni yanıqlar yaranırdı. Həkimlər onun bir neçə gün dözüb öləcəyini düşünsələr də Buqorski sağ qala bildi! Buqorskinin sağ qalmağının ən böyük səbəbi proton şüasının hipokampus və ya frontal lob kimi beynin həyati hissələrindən keçməməsi idi. Hər hansı zehni geriləmə yaşamayan Anatoli öz sahəsində işləməyə davam edərək doktoranturasını bitirdi. 
   Bütün dünya bu faciəvi hadisədən yalnız 10 il sonra xəbər tutacaqdı. Sovet Respublikasının xüsusi razılıq şərtləri onun danışmasına mane olmuşdu. Buqorski bu müddətdə əsas müayinələrinə və radiasiya yoxlanışlarına davam etdi. Anatoli Buqorski hələ də sağdır və vəziyyəti yaxşıdır. Elm dünyası isə bu qəribə faciənin sirrini hələ ki, tam həll edə bilmir.