Hətta ən populyar bədən dili kitablarında belə, müəyyən bir jest və ya bədən pozasının “mənası” açıqlanarkən, bunun insanı mühakimə etmək üçün qəti göstərici olmadığı vurğulanır. Bəs niyə “bədən dili” insanlar arasında bu qədər populyar mövzu olmaqla bərabər, müəyyən mühakimələrə yol açır?
İlk öncə xatırladaq ki, bu yazıda bədən dilinin məhz yalan informasiyanın ifşası məsələsindəki roluna fokuslanırıq. Yalan informasiyanın aşkarlanmasında bədən dili əsas göstərici sayılırmı? Və konsentrə olmalı olduğumuz prinsip bədən dilidirmi? – XEYR.
Əslində, bəlkə də yalan informasiyanın aşkarlanması deyə bir şey yoxdur. Demək olar ki, bütün hallarda həqiqəti öyrənmədiyimiz müddətcə, bir insanın yalan danışıb-danışmamasının heç birimizə faydası yoxdur. Burada əsas məqsəd doğru informasiyanın üzə çıxarılmasıdır. Odur ki, mütəxəssislər yalanı araşdırarkən, onun göstəricilərindən daha çox motivlərinə, səbəblərinə, stimula fokuslanmağa çalışırlar. Bunun daha da aydın olması üçün vicdan əzabı üzərindən kiçik bir misal ilə açıqlayaq:
Təsəvvür edək ki, Ronni adlı bir oğlan məktəb müsabiqəsində ona saxtakarlıqla qalib gələn yoldaşını cəzalandırmaq və ədaləti bərpa etmək istəyir. Bu məqsədlə, onun müsabiqədə qazandığı hədiyyələri oğurlayır. Və indi atası onunla dialoqda bu oğurluğu törədib-törətmədiyini öyrənmək istəyir. Bu situasiyada hər “xeyr, mən etməmişəm” cavabında Ronni çox güman ki, etdiyi hərəkətə görə özündə günahkarlıq hissi duymayacaqdır və daxilən özünə bəraət qazandıracaqdır. Lakin özünün rəğbət bəslədiyi atasının qarşısında utanc hissi, vicdan əzabı duya bilər. Nəzərə alsaq ki, Ronni atasına dürüstlük, doğruluq üzərindən rəğbət bəsləyir, belə olan halda, həmin vicdan əzabı daha da şiddətlənəcəkdir. Və vicdan əzabı Ronniyə daxildən təzyiq göstərərək, hər “xeyr, mən etməmişəm” cavabında ona müqavimət göstərəcək və nəticədə bütün bədən boyunca təkzibedici “mexanizm” işə düşərək, fiziki göstəricilərlə özünü bbiruzə verəcəkdir. Həmin o fiziki göstəricilər sırasına bədən dili də daxil olmaqla, səs tonu, nitqi, üz ifadəsi, sinir sistemi və qan dövranının təsiri ilə dərisinin rənginin dəyişməsi kimi hallar da daxildir. Və bu göstəricilər müəyyən bir qanunauğunluq çərçivəsində, eyni istiqamətə yönəlir.
Beləliklə, Bu kiçik misalda yalanın ifşa olunmasında əsas motiv Ronninin daxilən atasının yanında vicdanını təmizləmək istəyi, stimul isə Ronniyə sualın məhz atası tərəfindən verilməsidir. Odur ki, yalanın ifşasında bədən dili və d. göstəricilər sadəcə, motivin əlamətləridir. Yəni insan bədəni, eyni jesti, mimika, pantomikika və s. kimi göstəriciləri fərqli motivlər üzərindən ifadə edə bilər. Lakin bu hələ informasiyanın yalan olduğu anlamına gəlməz.