Daşbasma üsulu ilə kitab çapı alman alim İohann Quttenberq tərəfindən ixtira olunub. Təxminən 1440-cı illərdə çap maşını kəşf ediləndən sonra yeni kəşf Avropaya yayılmağa başlayır və Avropada renosansı daha da alovlandırır. Artıq yeni kitabların nəşri nasirin cəldliyindən asılı deyildi.

Çap maşını hesabına kitab nəşrinə inanılmaz sürət gəldi. Nəticədə 1500-cü ilə qədər Avropada çap edilən kitab sayında fantastik rəqəm əldə olunur. Daşbasma üsulunun kəşfindən sonrakı 50 ildə təxminən 20 milyon kitab nəşr edilir. 16-cı əsr boyunca isə bu rəqəm 200 milyonu keçir. Nəricədə bilgi alış-verişi sürətlənir, hətta deyə bilərik ki, oxucudan daha çox kitab hazırlanır. Təbii olaraq da Avropada elm partlayışı qarşısıalınmaz həddə çatır. Şərq ölkələri isə nədənsə bu uğurdan öz paylarını almaq istəmirlər. Belə ki, Osmanlıda ilk nəşr mərkəzi 1492-də qurulsa da bunu yəhudilər edir. Osmanlı özü isə ilk nəşriyyatını 1727-də qurur. Mövcud olduğu dövrdə isə burada 23 adda kitab nəşr edilir (orta hesabla hərəsi 1000 nüsxədən). Azərbaycanın çap maşınından ilk istifadəsi isə Mirzə Fətəli Axundovun da yazıçısı olduğu, azərbaycan dilində çıxan ilk qəzet “Tiflis əxbarı”dır (1832-ci il). Ermənilərin çap maşını ilə basılan ilk kitabı isə 1512-ci ildə Akop Meqapart tərəfindən Venesiyada nəşr edilən “Cümə günü kitabı” (Ուրբաթագիրք) kitabıdır.