Binalardakı bu dəliklər çox cazibədar görünməsə də tam mənada mühəndislik möcüzəsi sayıla bilər. Yaxşı, bəs görəsən niyə çinlilər binalarda belə iri dəliklər hazırlayırlar?

Dünyanın ən güclü dövlətlərindən sayılan Çin Xalq Cümhuriyyətinin çox-çox fərqli dini inanclara sahib olduğunu bilirik. Belə inanclardan birini çinlilər iri şəhərlərdəki göydələnlərə əks etdirib. 

Çində bəzi böyük göydələnlərin ortasında və ya əsasən üst hissəsində iri bir boşluq var. Bu boşluq ilk baxışdan cazibədar görünmür və əksinə bir çoxumuza mənasız gələ bilər. Hər bir halda səbəbini öyrənməkdə fayda var.

Əslində, böyük göydələnlərdəki bu boşluqlar Feng Şui adlandırılan qədim Çin məzhəbindən gəlir. Bu məzhəbin adı ”külək” və ”su” anlamını verir və əslində həyat enerjisinin yaşayış məkanlarında hərəkətdə olması üçün istifadə olunur. Çinlilər böyük binalarla küləyi və həyatın enerjisini kəsdiklərinə inanaraq binalarda bu enerjinin hərəkəti üçün bir növ pəncərə hazırlayırlar.

Çində əjdahalar yaxşılığın və xoşbəxtliyin simvolu olaraq qəbul edilir və hələ də əjdahaların uçduğuna inananlar çoxluq təşkil edir. Bu səbəblə də boşluqlar əjdahaların xoşbəxtliyi və enerjini ötürməsi üçün onlara mane olmamaq məqsədi daşıyır.