– Psixiatr P.Ekmanın “yalan” mövzusu üzərində apardığı elmi araşdırmalar zamanı verdiyi açıqlaması o dövr üçün çətin olan intihar keysləri barədə idi. Pasientlər müsahibələr boyunca depressiyadan əziyyət çəkmədiklərini və onlarla hər şeyin qaydasında olduğunu iddia etmələrinə baxmayaraq, bir müddət sonra səbəbi bilinməyən intihar aktları törədirdilər. Bu vəziyyət Ekman və həmkarı Frizeni təbii olaraq səbəbləri araşdırmağa təşviq edirdi.Bu vəziyyət Ekman və həmkarı Frizeni təbii olaraq səbəbləri araşdırmağa təşviq edirdi. Onlar həmin pasientlərlə olan müsahibələrin video görüntülərini təkrar-təkrar izləyərək araşdırmaların birində maraqlı bir məqama rast gəlirlər: Görüntülər aşağı sürətlə izləndikdə pasientlərin ilk baxışda adekvat görünən üz ifadələri boyunca qısa zaman kəsiyində özünü biruzə verən və kəskin neqtiv hisslərə işarə edən üz ifadələri sezilirdi. Bu fakt intihar səbəblərinin əsas mahiyyətini araşdırmada açar rolu oynadığı kimi, həm də insan emosiyaları ilə bağlı böyük elmi nailiyyətlərə gətirib çıxara bilərdi. Sonralar bu ifadələr “mikro-ifadə” adını alsa da, əslində elmə ilk dəfə başqa tədqiqatçılar — Ernest A. Haggard və Kenneth S. Isaacs tərəfindən gətirilmişdir.

Haggard və Isaacs mikroifadələrin yaranmasını hisslərin basdırılmasının nəticəsi kimi izah edirdilər. Onlar həm də bu sayrışan ifadələrin real zamanda aşkar edilə bilməyəcəyinə də işarə etmişlər. Buna baxmayaraq, Ekman və Frizen istənilən insanın doğru təlimdən keçməklə mikro-ifadələri rahatlıqla sezə bilməsinin mümkünlüyünü göstərmiş oldu. Onlar həmçinin, bu mikro-ifadələrin niyə meydana çıxması məsələsinə də daha geniş aydınlıq gətirmişlər.

Üzün mikro-ifadələri nədir?
— Üzün mikro-ifadələri saniyənin 1/25-i müddətində gözə çarpan üz ifadələridir. Onlar qeyri-ixtiyari olaraq meydana çıxır və insanın həqiqi emosiyalarını ifadə edir. Mikro-ifadələr ixtiyari və qeyri-ixtiyari olaraq hisslərin basdırılması zamanı meydana çıxa bilir. Bu növ üz ifadələri universal olub yer üzündəki bütün insanlarda özünü büruzə verə bilir.
Üzün mikro-ifadəsi bir insanın həmin an üçün həqiqi emosiyasının göstəricisidir. Üz ifadələrimizi maskalaya və ya gizlədə bildiyimiz halda üzün mikro-ifadəsini gizlədə bilmərik.
Təkcə intihar keysləri üzərində yanaşdıqda belə meydana çoxlu suallar çıxırdı. Məsələn, bir insanın əslində hansı emosiyaları yaşadığını necə bilə bilərik? Təcrübə göstərirdi ki, peşəkar psixiatrlar belə bu məqamda yanıla bilərdilər. Məhz buna görə, Ekman və Frizenin diqqətindən yayınmayan mikro-ifadə faktoru dönüş nöqtəsi olmuşdu. Lakin yenidən yanılmamaq üçün daha bir məqamı aydınlaşdırmaq qalmışdı:
Müəyyən emosiyaların məhz bəlli emosiya olduğundan necə əmin ola bilərik? Nəyə diqqət etməli ki, bir emosiyanı başqası ilə səhv salmayaq? Emosiyaları müəyyən edə bilmək üçün bəlli göstəricilərin olması zəruri idi. Ekman və Frizen bunun üzərində çalışaraq emosiyaları ifadə edən bəlli üz ifadələrinin anatomik təsnifatını ərsəyə gətirdilər. Onlar hər bir üz ifadəsini ayrı-ayrı əzələ hərəkətləri üzrə təsnif etdilər və artıq 1978-ci ildə bu ölçü alətini FACS (Facial Action Codyng System) adı ilə ilk dəfə elmə gətirmiş oldular.
FACS üz ifadələrini ölçmək üçün alət və ya bir vasitədir. Bu bütün məlum üz əzələlərinin hərəkətlərini təsvir edən anatomik bir təsnifatdır.
FACS vasitəsilə elm adamları artıq üzün mikro-ifadələrini sezə bilmə bacarığı üçün sadəcə bir müddət bəlli təlim keçə bilirlər. Bununla yanaşı, texnologiyanın inkişafı ilə bu prosesi insanın əvəzinə süni intellektin, ən yaxını isə təhlükəsizlik kameralarının həyata keçirməsi mümkündür. Emosiyaların təsnifi və onların göstəricisi olan üz ifadələrinin belə nizamlı təsnifatı (FACS) hazırda bir çox inkişaf etmiş ölkələrdə Təhlükəsizlikdən kinematoqrafiyayadək müxtəlif sahələrdə istifadə olunur.
 
Bu və digər elmi araşdırmalar, xüsusilə, Ekmana böyük nailiyyətlər qazandırmışdır. 2014-cü ildə Dr. Pol Ekman 21-ci əsrin ən nüfuzlu psixoloqları arasında 15-ci sırada yer alıb. 14-dən çox kitabı nəşr, 170-dən çox məqaləsi dərc olunmuşdur. Hazırda O öz araşdırmaları ilə elmə yeniliklər qazandırmaqda davam edir.
İstinad: hajiyeva.com