Davranış bioloqları Florida ”sakini” olan qarışqaların davranışını tədqiq edəndə gözlənilməz hal ilə rastlaşırlar. Aşkar olunur ki, bu qarışqalar öldürdükləri digər qarışqaların kəllələri ilə evlərini dekorasiya edirlər. Floridalı bu qarışqanın elmi adı Formica archboldi-dir. Yaşayış arealını Amerika (Florida), Alabamanın bir hissəsi və Corciya ştatı təşkil edir. Kəlləsini yığdığı düşmən tərəf isə Odontomachus cinsindən olan növdür. Əslində Odontomachus ən qorxulu ətyeyən yırtıcı qarışqalardan biridir. Bu əsasla əvvəllər hesab edilirdi ki, ola bilsin Formica archboldi onların əvvəllər yaşamış olduğu yuvaya soxulub və ona görə də Formica archboldi-nin evində bu qədər başı qoparılmış ölmüş bədən görürük. Alternativ bir hipotez isə təklif etdi ki, ola bilsin Formica archboldi Odontomachus üzrə ixtisaslaşmış növdür və onları öldürən də elə Formica archboldi-nin özüdür.

İnsectes Sociaux jurnalında Adrian Smith tərəfindən dərc edilən tədqiqat işinin nəticələrinə əsasən məsələ əslində tamam başqa cür gedirmiş: Floridalı Formica archboldi kimyəvi üsulla (feromon) Odontomachus-u yamsılayır və beləcə, özünü onun hücumundan müdafiə etmiş olur. Çünki ev sahibi elə bilir ki, təzə gələn də koloniyanın bir üzvüdür. Bəs sonra nə baş verir? Bizim psixopat ev sahibinə (Odontomachus) hücum edir və onu immobilizə etmək üçün üzərinə qarışqa turşusu püskürdür. Beləcə, təzə halda paralizə edilmiş qurbanlar yuvaya aparılır və oradaca çeşidlənir, yəni başın bədəndən ayrılması prosesi aparılır.

Davranışın izaha ehtiyacı olan müəmmalı tərəfi odur ki, adətən digər qarışqa növləri yuvalarını səliqəli saxlamağa meyilli olurlar, yuvanın artığını vaxtaşırı çölə atırlar. Daha ”səviyyəli”, ”aristokrat” ailələrdə isə yuvanın artığı üçün zibilxana, ailə üzvündən ölənlər üçün isə ayrıca bir qəbirstanlıq da hazırlanır. Amma bu növlər görünür obsessiv kompulsiv pozuntunun bir növü olan təmizlik xəstəliyindən əziyyət çəkmirlər. Elə yeyirlər və ortada qoyurlar, kəllələrlə də evin künc-bucağını bəzəyirlər.

Məqalənin müəllifi etiraf edir ki, onun tədqiqatı hələ ki, bu mürəkkəb davranışın konteksini izah etmək gücündə deyil.

Tərcümə: Nərmin Beydizadə

İstinad: https://link.springer.com/art…/10.1007%2Fs00040-018-0675-y