Qasırğa, çovğun, fırtına – dünyada olduqca geniş yayılan təbii qüvvələr olub, güclü küləkli hadisələrə aiddirlər.

Külək – Atmosfer təzyiqinin və istiliyin qeyri-bərabər paylanması nəticəsində havanın yüksək təzyiqli zonadan alçaq təzyiqli zonaya doğru yer səthinə paralel olaraq hərəkətidir. Külək istiqaməti, sürəti və gücü ilə səciyyələnir. İstiqamət küləyin əsdiyi üfiqə tərəf cəhətlə təyin olunur və dərəcə ilə ölçülür. Küləyin sürəti saniyədə metrlərlə (m/san), kilometrlərlə (km/saat), uzla (mil/saat) ifadə olunur. Küləyin gücü isə, çox hallarda onun sürətinə görə müəyyən edilir.

1806-cı ildə ingilis admiralı F.Bofort tərəfindən xüsusi şkala hazırlanmışdır. Bu şkalada küləyin sürəti yerüstü əşyalara təsirinə  və ya dənizin dalğalanmasına görə ballarla dəqiq qiymətləndirilmişdir (0-dan 12- baladək).

Qasırğa – Olduqca sürətli və güclü, çox hallarda böyük dağıdıcı qüvvəyə malik olan, uzun müddət davam edən hava axınıdır. Qasırğa atmosfer təzyiqinin kəskin azaldığı sahələrdə qəflətən baş verir. Onun sürəti 33 m/san-dən çox olur. Qasırğa diametri bir neçə yüz kilometrə çatan sahəni əhatə edə və min kilometrlərlə məsafə qət edə bilir. Bu halda qasırğalı külək möhkəm tikililəri dağıdır, yüngül əşyaları qoparıb aparır, gəmiləri batırır, rabitə  və elektrik xətlərini sındırır, ağacları kökündən çıxarır,magistral yolları və körpüləri zədələyir.

Çovğun – Güclü küləklə müşayiət olunan şiddətli yağıntı olduğundan çaylarda asanlıqla daşqınlara və ya selə səbəb olur. O, həm də küləyin təsiri ilə dağıntılar yaradır.

Fırtına – Yuxarı qalxan və çox tez fırlanan, diametri bir neçə on metrdən, bir neçə yüz metrədək şaquli, bəzən isə əyilmiş vəziyyətdə  olan qaramtıl sütun formalı hava axınıdır. Fırtına açıq səmada  böyük hava kütlələrinin  toqquşmasından yaranır. Yer səthi yaxınlığındakı  isti hava kütləsi yuxarıya qalxır və bu zaman  qasırğalı külək olduqda, isti hava axını fırlanmağa başlayır. O sanki, buludla birləşir  və fırlanan   nəhəng qıf şəkili əmələ gətirir. Hava  fırtına sütununun içərisində saat əqrəbinin əksinə olaraq 100 m/san sürətlə fırlanır. Fırtına yer üzərində orta sürətlə 50-60 km/san hərəkət edir. Güclü fırtınalar on kilometrlərlə məsafə qət edərək ağacları kökündən çıxarır, avtomobilləri havaya qaldırır, teleqraf dirəklərini kənara tullayır, evləri dağıdır, vaxtında gizlənmədikdə adamları da 10 mərtəbəli bina səviyyəsinədək qaldıra bilər.

Dünyanın ilk üzən külək ferması haqqında

Yaxınlaşmaqda olan qasırğa, çovğun və ya fırtına haqqında məlumat alan kimi dərhal hazırlıq işlərinə başlanmalıdır. Bu məqsədlə tikililərdə möhkəm olmayan konstruksiyalar bərkidilməli, qapılar örtülməli, pəncərə və vitrinlər lövhələrlə bağlanmalı, şüşələr kağız və ya parça ilə yapışdırılmalıdır. Belə vəziyyətdə küləyin əsdiyi tərəflə əks tərəf arasında havanın təzyiqini tarazlaşdırmaq üçün qapı və pəncərələr açıq saxlanılır. Balkonda və pəncərələrdəki əşyalar yığışdırılmalıdır, çünki onlar insanları zədələyə bilər. Həyətdəki  əşyaları ya evə gətirmək, ya da bərkitmək lazımdır. Qəza zamanı neft lampası, elektrik fənəri, şamlar da nəzarətdə olmalıdır. Su,  qida, dərman, xüsusilə sarğı materiallarının ehtiyatını yaratmaq da tövsiyə olunur.

Qasırğa, çovğun və fırtına zamanı şüşə, dəmir, şifer, vitrin və s əşya qırıntılarından qorunmaq lazımdır. Qasırğa, çovğun və fırtına zamanı ən təhlükəsiz yerlər sığınacaqlar,  zirzəmilərdir. Əgər  qasırğa, fırtına və ya çovğun sizi açıq yerdə yaxalayıbsa, onda  ən yaxşısı hər hansı çökəklik, arx və ya torpağa bərk sıxılmaqla uzanmaq tövsiyə olunur.

Uşaqlar uşaq bağçalarından və məktəblərdən evlərə göndərilməlidir. Əgər şiddətli külək haqqında xəbərdarlıq gec gəlibsə, onda uşaqları zirzəmilərdə və ya binanın mərkəzi hissəsində yerləşdirmək lazımdır. Ən yaxşısı qasırğanı sığınacaqlarda, zirzəmilərdə gözləmək olar. Əgər təbii fəlakəti binada qarşılamaq lazım gəlirsə, onda ən təhlükəsiz yer evin orta hissəsi, dəhliz və ya birinci mərtəbə seçilməlidir. Sınan pəncərənin qırıntıları xəsarət yetirə bilər, odur ki, binanın divarına sıxılmaq, şkafda gizlənmək və ya matrasla qorunmaq lazımdır.

Külək zəifləyən kimi dərhal küçəyə çıxmaq olmaz, belə ki, bir neçə dəqiqədən sonra külək yenidən güclənə bilər. Əgər  küçəyə çıxmaq zərurəti yaranırsa, bu zaman evlərdən, tikililərdən, yüksək dirək, ağaclar, reklam lövhələrindən  uzaqda  durmaq lazımdır. Xüsusilə qopub düşmüş elektrik məftillərindən qorunmaq lazımdır. Onlar gərginlik altında ola bilər. Ən əsası belə şəraitdə vahiməyə düşmək olmaz, inamla, savadlı və ağılla hərəkət etməli, özünü  və başqalarını yersiz hərəkətlərdən çəkindirməli və zərər çəkənlərə kömək göstərməlisiz.

http://fhn.gov.az