Qazlı içkinin qapağı açılmazdan əvvəl şüşənin hava boşluğundakı təzyiqi atmosfer təzyiqindən daha yüksək olur. Bu yüksək təzyiq səbəbilə qazın bir hissəsi mayenin tərkibinə daxil olmuş haldadır. Qapağı açdığınız zaman şüşənin içindəki təzyiq aşağı düşür. Mayenin tərkibindəki qazlar, onları aşağı itələyən təzyiq aradan qalxdığı zaman şüşənin içindən xaricə doğru çıxmağa çalışırlar. Lakin qazların xaric olması üçün maye molekullarının arasından yuxarı yol tapmaları vacibdir. 

Yeni qaz qabarcığı yaratmaq da olduqca çətindir, çünki qaz molekullarının onlarla molekul arasında digər qaz molekulları ilə birləşməsi lazımdır. Ən asan yol onsuz da bir qabarcığa qarışmaqdır. Elə bu halda quru üzüm köməyə çatır. Quru üzümün səthi girintili-çıxıntılı qırışlarla doludur. Hər bir girintinin dibində ön qabarcıq, yəni kiçicik hava boşluğu var. Quru üzümün təcrübədə iştirakı bu səbəbə görə vacibdir (Kiçik qırışıq səthli və sıxlığı sudan azacıq çox olan başqa hər hansısa bir cisim bu təcrübədə quru üzümü əvəz edə bilər). Qazlı içkinin içərisindəki qaz bu qabarcıqlara hücum edir və beləliklə, hər üzüm dənəsi özünə qabarcıqdan təhlükəsizlik jileti hazırlayır.

Quru üzümün sıxlığı sudan biraz çoxdur ki, bu da cazibə qüvvəsinin köməyilə onu şüşənin ən alt qisminə doğru çəkir. Lakin ən alt hissədə olarkən ətrafında yaranan qabarcıqlarla birlikdə sudan daha yüngül olur və bu da onun yenidən yuxarı qalxmasına səbəb olur. Ən üst hissədə isə ətrafındakı qabarcıqlar yox olur və təhlükəsizlik jileti olmayan üzüm dənəsi yenə qazlı içki ilə müqayisədə ağırlaşır. Dibə səyahət başlayır.

Sual: Sizcə bu proses nə vaxta kimi davam edir?

Cavab: Qazlı içkinin tərkibində karbon dioksid qazının miqdarı normaya düşənə qədər!

Şüşəni stolun üzərinə yarım saat idi ki, qoymuşdum. Artıq quru üzümlərin dəlisov rəqsi öz yerini tək-tük yüksəlişlərə buraxmışdı. İçkinin rəngi isə heç də xoş olmayan qəribə sarıya çevrilmişdi. 

Bu təcrübəni siz də yoxlaya bilərsiniz. Əhvalları qaldırmaq üçün olduqca effektivdir. Bu təcrübədəki əsas sirr, qabarcıqların və quru üzümlərin birləşib tək cisimə çevrilərək birlikdə hərəkət etməsindədir. Hava qabarcıqları üzümün ağırlığına çox az təsir etsə də onun həcmini artırır. Bunu sıxlıq anlayışı ilə də ifadə edə bilərik. Çünki sıxlıq cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir.