Bir neçə gün öncə səhifəmizdə belə bir sual paylaşmışdıq: Ani təhlükə hiss edən zaman insan qorxduğu üçün qaçır, yoxsa qaçdığı üçün qorxur, yaxud ikisi də eyni andamı baş verir?

İndi isə bu sual ilə bağlı elm aləmində ən son irəli sürülən fikri sizinlə paylaşaq. Sözügedən məsələ ilə bağlı alimlər tərəfindən çoxlu araşdırmalar aparılmışdır. Bunlar arasında elmi araşdırmalarda müəyyən qədər öz təsdiqini tapmış və elm aləmində qəbul olunan araşdırma isə Şakter (Schachter) tərəfindən irəli sürülmüş və “Şakterin idrak nəzəriyyəsi’’ adı altında elm dünyasına daxil olmuş araşdımadır. Şakterə görə emosional reaksiyalarda qorxu və avtonom cavabların (məsələn: sualda bəhs etdiyimiz ‘’qaçmaq’’) hansının ilk öncə yaranması ətrafdan gələn stimula görə dəyişir, yəni bir növ onun şiddət və tərkibinə bağlıdır. Bu ifadənin daha da aydın olması üçün bir nümunə üzərindən izah etməyə çalışaq.

Fərz edin ki, meşədəsiniz, tək başına irəliləyirsiniz. Anidən ayı öz qorxuducu nəriltisi ilə qarşınıza çıxır. Bu zaman sizdə hələ qorxu hissi yaranmadan öncə qaçmağa başlayacaqsınız. Çünki ətrafdan gələn bu yüksək şiddətli və təhlükəli stimul bədəndə şüuraltı (beynin subkortikal bölgələri) olaraq sürətli bir şəkildə emal olunur və bədən özünü qorumaq üçün “qaç” cavabını yaradır və siz qaçmağa başlayırsınız. Bundan qısa bir müddət sonra isə həmin emal olunan məlumat şüura (beynin korteks bölgəsi) göndərilir və insanda qorxu hissi yaranır. Yəni, ilk öncə refleks cavab – qaçmaq, sonra isə qorxu hissi. İndi isə keçək bir başqa nümunəyə.

Fərz edin ki, 2 mərtəbəli, nisbətən böyük bir evdə tək başınasınız. Masa arxasında əyləşib çay içərək kitab oxuyursunuz. Bu zaman vaxtaşırı kiçik səslər sizi narahat edir və diqqətinizi kitaba toplamağa mane olur. Kitabı bağlayıb masanın bir kənarına qoyur və ətrafdan gələn səslərə qulaq verərək onların mənbəyini tapmağa çalışırsınız. Bir neçə saniyədən sonra bu səslərin yuxarıdakı otaqlardan gəldiyini hiss edirsiniz. Lakin orada heç kim yoxdur. Elə isə bu səslər necə meydana gələ bilər?! Bu anda siz bu və bunu kimi suallar üzərində düşünməyə başlayır və qorxu hissi keçirməyə başlayırsınız. Çünki burada artıq siz şüurlu (kortikal) olaraq düşünürsünüz və təhlükənin varlığının fərqinə varırsınız. Ancaq bundan sonra sizdə avtonom cavablar başlayır. Yəni, ürəyinizin döyüntüsü artır, göz bəbəkləriniz genişlənir, qaçmaq fikri yaranır və s. Son olaraq qeyd etmək istəyirik ki, bədənin verdiyi bu cavablar fərddən fərdə dəyişiklik göstərə bilər. Misalçün, birinci nümunədə simpatik sistemin həddindən artıq aktiv olması nəticəsində insan huşunu itirə və elə oradaca yıxılıb qala bilər və ya ikinci nümunədə insan gələn səslərə məhəl qoymaya və qorxu hissini özünüzdən uzaq tutmuş ola bilər. Müəyyən normalar çərçivəsində ümumiləşdirilmiş nəzəriyyədən – “Şakterin idrak nəzəriyyəsindən’’ bəhs etdik. Əsas olaraq da şüuraltımızın bəzən bizim şüurlu düşünməyimizdən öncə bizə daha faydalı, daha qoruyucu təsirə də malik olduğu gördük.

Hazırladı: Ziya Kərimov