Müasir insanın genində heyvanların əhliləşməsi prosesində ortaya çıxan genetik xüsusiyyətlər tapılıb. İnsanın əhliləşdirməyə nail olduğu canlılar arasında, belə görünür ki, onun özü də var imiş.

Ev heyvanları vəhşi heyvanlardan fərqlənir və məsələ onda deyil ki, insanlar əhliləşdirmək üçün daha çox süd, ət, yun və yumurta verən canlıları seçir.

İnsanlara ev təsərrüfatında elə heyvanlar lazımdır ki, onlarla əlaqə qurmaq asan olsun – yəni, aqressiv olmayan, sakit, insanla müəyyən qədər əlaqə yarada bilən və insana emosional bağlılığı olan. Burada söhbət təkcə it və ya pişikdən getmir. Araşdırmalar göstərir ki, sakit bir inəyi saxlamaq, narahat, əsəbi və qorxaq insanı saxlamaqdan daha rahat görünür.

Bioloqlar müəyyən ediblər ki, vaxt keçdikcə, əhliləşdirilmiş müxtəlif heyvanlarda ortaq dəyişikliklər baş vermişdir: nəhənglər kiçilməyə, kiçik ölçüdə olanlar iriləşməyə başlamış, ayaqları qısalmış, yetkin fərdlərdə hələ də “uşaqlıq” əlamətləri qalmış (sallaq qulaqlar kimi), cinslər arasındakı kəskin fərqlər aradan qalxmış, ətraf mühit fonunda heyvanların daha az nəzərə çarpmasını təmin edən qoruyucu rəng yerini başqa rəngə verməklə yoxa çıxmışdır və s.

Bu dəyişikliklərə sinir sistemində baş vermiş dəyişikliyi də əlavə etmək lazımdır – heyvanlar daha idarəediləbilən, daha anlayışlı və ünsiyyətə açıq olmağa başlamışdır. Sonralar isə, diqqət çəkməyə başladı ki, əhliləşmiş heyvanların xüsusiyyətlərinə bəzi vəhşi heyvanlarda da rast gəlmək olar. Misal üçün, cırtdan şimpanze adı ilə də bilinən şimpanze bonobo, sanki adi şimpanzenin əhliləşmiş növüdür. Adi şimpanze kifayət qədər aqressiv və hətta, demək olar ki, qəddar olduğu halda, şimpanze bonobo sülhsevərdir, sosial bacarıqları daha çox inkişaf etmişdir, bundan başqa, yeniyetməlik dövrü uzun davam edir və yetkin meymunlarda yeniyetməlik xüsusiyyələri qalmağa davam edir. Bonobolar insanlar tərəfindən əhliləşdirilməyib, görünür, onlar özləri-özlərini əhliləşdiriblər.

Yer kürəsində bir növ də var ki, heç kim tərəfindən əhliləşdirilməyib, lakin əhliləşmiş olduğu məlumdur. Bu, heç şübhəsiz ki, insandır. Heç bir növ insan qədər sosial əlaqələrə və bir-biri ilə ünsiyyətə meylli deyildir, bundan əlavə, müasir insanla neandertalın xarici görünüşünü müqayisə etdikdə, müasir insan bədəninin kütləsi daha az, üz cizgilərinə gəldikdə isə, biz insanların üzü neandertalların yenidən qurulmuş fizionomiyasıdan daha incə və zərifdir. Nəticədə, ortaya fərziyyə çıxır ki, təkamül prosesində insan da özünü əhliləşdirib.

Genetika nöqteyi nəzərindən bu hipotezi Barselona universitetinin tədqiqatçıları tətqiq ediblər. Qədim qalıqların DNK-sını oxumaq imkanı əldə etdiyimiz ən yeni elmi üsullar vasitəsilə artıq biz, təkamül keçmişində qalmış iki insan növünün – neandertal  və denisov insanının hansı genləri daşıdığını təsəvvür edə bilirik.

Plus one məqaləsində yazılır ki, əhliləşdirilmiş heyvan genlərində baş vermiş dəyişikliklər, müasir insan genlərində baş vermiş dəyişikliklərə bənzəyir. Bunun təsadüfi bənzərlik olmadığına əmin olmaq üçün, it və inəklərin “əhliləşmiş genləri” ilə antropomorfid – oranqutan, adi şimpanze və qorilla genlərini müqayisə etmişlər.

İt və inəklərin genlərində baş vermiş dəyişikliklər meymunların genomundakı dəyişikliklərə oxşar çıxmamışdır. Buna görə də, insanda olan gen dəyişikliyi göstərir ki, həmin dəyişiklik məhz it və inəklərin əcdadlarında baş vermiş dəyişikliklər kimidir.

Əlbəttə, özünüəhliləşdirmə hipotezi daha çox sübut tələb edir və onu yalnız əlavə genetik, antropoloji və etnoqrafik tədqiqatlardan sonra nəzəriyyəyə çevirmək olar. Lakin gələcəkdə özünü əhliləşdirmə ilə bağlı genetik sübutlarla məşğul olanlar, artıq bilir ki, ilk növbədə hansı genetik xüsusiyyətlərə diqqət etmək lazımdır.

Tərcümə: Sərvi Əmirli

İstinad: nkj.ru