NASA, dünən gecə bütün dünyada canlı yayımlanan hadisədə InSight kosmik cihazını uğurla Marsın səthinə endirdi. InSight Marsa toxunan 8-ci kosmik cihaz oldu. Amma 6 aylıq uzun səyahət və 6 dəqiqəlik çətin eniş InSight-ın Marsda gerçəkləşdirəcəyi uzun missiyanın sadəcə başlanğıcı idi. Elm adamları on illərdir Marsı xaricdən izləyirdilər. InSight cihazı elm adamlarının Marsın ürəyini araşdırmasına şərait yaradacaq.

InSight kosmik aparatının Marsdakı əsas missiyasına başlaması düşündüyünüz kimi asan olmayacaq.

Kosmik cihaz Marsa endikdən sonra ilk əməliyyatlarından biri kimi Günəş panellərini açdı. Günəş panellərinin yerində və işlək halda olduğunu enişdən 5 saat sonra öyrənə bildik. InSight gücünü Günəş enerjisindən aldığı üçün Günəş panellərinin işlək vəziyyətdə olması əsas missiyaya başlaması üçün olduqca vacib idi.

Enerji mövzusunun tamamlanmasından sonra elm adamları cihaza birləşdirilmiş robotik qolun və digər ləvazimatların yaxşı vəziyyətdə olub-olmadığından əmin olmaq üçün yoxlama keçirəcəklər. Bu yoxlamanın da tamamlanmasıyla birlikdə InSight Marsdakı əsas missiyasına başlaya biləcək. Əsas missiyanın ilk mərhələsində InSight 5 metr dərinliyində dəlik açacaq.

Sözügedən dəliyə seysmoqraf yerləşdirəcək. Bu seysmoqraf Marsın yer qabığının altında nə kimi proseslərin baş verdiyini, bununla yanaşı Günəş Sisteminin ən böyük vulkanlarından bəzilərinə sahib olan Marsın seysmik vəziyyətinin araşdırılmasına yardım edəcək. Elm adamlarının araşdırmasına görə bütün ləvazimatların qurulması və məlumatların Yerə göndərilməsi 1-3 neçə ay çəkəcək.

Elm adamlarının açıqlamalarına görə, InSight-ın elmi missiyasına başlaması 2019-cu ilin martına təsadüf edəcək. InSight-ın missiyaya başlamasından sonra ən az iki il boyunca Marsın seysmik vəziyyəti ilə bağlı məlumatları Yerə çatdırması gözlənilir. InSight Marsa eniş edən digər kosmik cihazlardan fərqli olaraq missiyasını yerinə yetirdiyi bölgədən ayrılmayacaq. Amma Marsın ürəyi və seysmik vəziyyəti ilə bağlı əldə etdiyi məlumatlarla planetlərin yaranması haqqında bu günə qədər əldə olunmamış məlumatların əldə olunmasına səbəb olacaq.