Yuxuya getməklə bağlı narahatlığın var? Gecə saat 3-də səbəbsiz yerə oyanırsan? İnsomnia sənin növbəti gün üçün olan enerjini əlindən ala, beynini dumanlandıra və səni yolda çətin vəziyyətə sala bilər. Bu baxımdan həkim-ekspertlər insomnia ilə bağlı olan fikirlərini səninlə bölüşmək istəyirlər.

Yuxuya getmək üçün 3 ən pis yol

  • Yataqdan öncə içki qəbul etmək

Düşünürsən ki, yatağa getmədən öncə 1 badə şərab, viski və ya kola içmək səni rahatlaşdırır? – Əlbəttə ki, yanlış düşünürsən. Tibbi ədəbiyyat göstərir ki, alkoqol insomniadan ən çox sui-istifadə edən vasitədir. Alkoqol qəbul etmək ilkin olaraq bəlkə sənə yuxu gətirmiş ola bilər, ancaq o tükənən kimi sənin yuxunu “şirin” məqamında bölmüş olacaq. Çünki alkoqolun tez bir zamanda sakitləşdirici təsirinə rəğmən o, metabolizmə uğradıqdan sonra yenidən beynin oyaq hala keçməsinə səbəb olur. Bu da öz növbəsində yuxunun ən dərin mərhələsinin – “sürətli göz hərəkəti” və ya “tez yuxu” fazasının qarşısını almış olur. Yatmadan öncə alkoqol qəbul etmək eyni zamanda daha şiddətli xoruldamaya və buna bağlı olaraq yuxu apnoesinə (tənəffüsün qısa müddətli dayanması) səbəb ola bilər.

  • Yatağa özünlə elektron cihaz aparmaq

Sənin yatağın smartfon, planşet və ya notbuk üçün heç də uyğun yer deyil. Elektron cihazlardan yayılan mavi rəngli işıqlar beynin epifiz vəzisindən melatoninin ifraz olunmasının qarşısını alır, hansı ki, bu da yuxuya getməyinə mane olur. Dr.Feldvari-Şefer onu da qeyd edir ki, bu effektə yeniyetmələr yetkin adamlara nəzərən daha həssas olurlar.

  • Antihistaminlərə güvənmək

Əlbəttə, difenhidramin kimi antihistaminlər səni yuxulu hala sala bilər. Ancaq bu, insomnia üçün uzunmüddətli həll yolu deyildir. Dr. Harnet Valia xəbərdarlıq edir: “Antihistaminlər bəlkə sənə yuxuya getməyə kömək edə bilər. Amma onlar əlavə vaxtda da beyində dövr etməyə davam edəcək ki, bu da öz növbəsində qarşıdakı gündə sərxoşluq hissinin yaranmasına, hətta zehni fəaliyyətlərin pozulasına səbəb olacaq.”

Yuxuya getmək üçün 3 ən yaxşı yol

  • Yataqdan qalx

Yata bilmirsən? Elə isə, qalx, digər otağa keç, kiçik bir şeylər oxu, duş qəbul et və ya rahatlaşdırıcı hər hansı kiçik bir fəaliyyət gör. Narahat olma, bu yol sənin bütün gecəni oyaq qalmaq kimi xoşagəlməz vərdişini daha da bərkitməyəcək, əksinə onu həll edəcək. Dr.Feldvari-Şefer qeyd edir ki, yataqdaki belə yarıoyaq hal bir müddət daha davam edərsə xroniki insomniaya səbəb olur.

  • Bədən saatını tənzimlə

Hər gün eyni vaxtda yatağa getməyə və qalxmağa başla, hətta həftə sonları və tətil günlərində belə.

  • “Ediləcəklər” siyahısını yaz

Yatmağa çalışarkən “ediləcəklər”-i beynindən çıxar. Çünki bu, sənin beynini “sönməyə” qoymur. Bunun üçün axşam radələrində erkəndən bir kağıza “ediləcəklər” siyahısını yaz.

Mənbə: Klivlend Klinikası Baş və Onurğa mərkəzi

Tərcümə və redaktə: Ziya Kərimov