2013-cü ilin dekabrında, Sibirdə 61.000 şimal maralı aclıqdan həyatını itirdi. Çünki şimal maralları qida ehtiyaclarını qarşılamaq üçün lazımi bitki örtüyündən məhrum olmuşdu. Bitki örtüyü həmişəki kimi yumşaq qarın altında yox, o il noyabr ayında yağan gözlənilməz leysan səbəbilə sərt buz təbəqəsinin altında qalmışdı. 

Biology Letters jurnalında yayımlanan bir araşdırma bu hadisənin mümkün səbəblərini açıqlayır. 2013-cü ildə ölümlərin tez-tez baş verdiyi Yamal yarımadasınının sahilini yuyan Barens dənizindəki buz səviyyəsi digər vaxtlarda olduğundan daha az idi. Həmişəkindən daha ilıq suyun gözlənilməz isti hava ilə qarşılaşması fırtınalı leysana səbəb oldu. Yumşaq qarın üzərinə düşən yağış sahildən aralıda havanın soyumasıyla birlikdə şimal marallarının buynuzlarının belə qıra bilmədiyi qalın buz təbəqəsi yaratdı. 

Peyk məlumatları araşdırmaçılara bütün prosesi başa düşməyə imkan verir. Bölgəni izləyən hava və iqlim peyklərindən gələn məlumatlar gözdən keçirildikdə 2013-cü ildə baş vermiş fəlakətə səbəb olan şərtlər açıq-aşkar görünür. Məqalənin yazarlarından biri olan Bruce Forbes, ”Külək sahilə əsən zaman havanın ilıqlaşıb buzların geri çəkildiyini və nəmin sürətlə artdığını görə bilirik”, deyə açıqlayır. 

Şimal maralları yarı evcil canlılardır və köçəri nenetslərlə (Sibirdə yaşayan və şimal marallarını daşıma işlərində istifadə edən tayfa) birlikdə sürü halında 1100 kilometrdən daha çox gedərək yay və qış aylarında fərqli otlaq ərazilərini köç edirlər. Şimal maralları nenetslərin həyatının əsas hissəsini təşkil edirlər. On minlərlə şimal maralı aclıqdan öldüyü zaman nenetslər üçün də çətin dövrlər başlamışdı. 

Forbesin araşdırmasına görə çobanların bir qismi bütün sürüsünü, bir qismi isə sürüsünün yarıdan çoxunu itirmişdi. Bütün marallarını itirənlər sürünü yenidən quranadək tundrada işsiz qaldılar və bir çoxu hal-hazırda balıqçılıqla məşğuldur. 

Bu drammatik hadisə təəssüf ki, təsadüf deyildi. Oxşar hadisə sonuncu dəfə 2006-cı il də daxil olmaqla hər 10 ildən bir baş verirdi. Amma elm adamları qlobal istiləşmənin davam edib, dəniz buzunu yox edərək, bu cür hadisələrə tez-tez səbəb olacağından narahatdır. Növbəti belə hadisəyə qədər nenetslər sürülərini yeniləməsələr onların həyat tərzi birdəfəlik məhv ola bilər. 

Yağışları dayandırmağın hər hansısa yolu yoxdur, amma növbəti belə dondurucu havaların yaradacağı itkiləri xeyli azalda bilərik. Araşdırmaçılar buna yalnız şimal marallarının sayını azaldaraq nail olmağı düşünür. 

Digər bir həll yolu isə bölgədə mobil qəssabxanaların qurulmasıdır. Beləliklə, qıtlıq zamanı iqtisadi itki və canlıların tələf olma ehtimalı aşağı düşə bilər. 2013-cü ildəki buzlanma, canlılar qəssabxanaya təxminən 100-200 km uzaqda ikən baş verdi. Və təəssüf ki, güclü şimal maralları ölmüş zəiflərin ətindən istifadə edə bilmədi. 

Mobil qəssabxanaların çoxalmasının digər bir üstünlüyü də bölgədəki potensial şarbon epidemiyasının yayılmasının qarşısını almaqdır. 1941-ci ildəki son yayılmış epidemiyada ölü marallar sağlam heyvanları da infeksiyaya yoluxdururdular.