Son 1 əsrdir ki, dinozavrlar haqqındakı məlumatların böyük hissəsini Amerika və Avropada tapılan fosillərdən əldə etmişik. Son 10-15 ildə Çin ərazilərində tapılan onlarla dinozavr fosili bu mükəmməl canlılar haqqında əslində o qədər də çox məlumatlı olmadığımızı göstərir. Dinozavr dünyası okean kimidir! Bu yazımızda okeanın sadəcə bir neçə damcısı haqqında yazmışıq:

Dinozavrlar ikinci geoloji dövr olan Mezozoy erasının yeganə dominant canlıları idi. Bu eranı 3 dövrə ayırmaq olar:

Trias Dövrü (251,0 — 199,6): Bu dövr 35 milyon il davam etmişdir. Bildiyiniz kimi bu dövrdə yalnız bir qitə var idi. Pangeya adlandırılan bu qitədə çox isti iqlim hökm sürürdü və qitə ucsuz-bucaqsız çöllərlə dolu idi. Amma dövrün sonlarına doğru Pangeya parçalanmağa başladı, Lavrasiya və Qondvana adlı iki qitəyə ayrıldı.

Yura Dövrü (199,6 — 145,5): Bu dövr 64 milyon il davam edib. Kiçik qitələr məhz bu dövrdə yaranmağa başlayıb. Təbii ki, parçalanma iqlim dəyişikliyinə də səbəb olacaqdı. Geoloji dövrdə ani dəyişikliklər çox az olduğu üçün iqlim hələ də quraq idi, amma nəmlənmə ilə yanaşı, bataqlıqlar, meşələr yarandı, çox böyük ətyeyən və otyeyən dinozavrlar üzə çıxmağa başladı.

Təbaşir Dövrü (144-65): Qitələrin ayrılması davam etmiş və qitələrin bugünkünə yaxın formaları yaranmışdı. Qitələrarası səyahət də sona çatmış və hər qitənin özünə məxsus iqlim şərtləri fərqli dinozavr növlərinin üzə çıxmasına səbəb olmuşdu. Dinozavrların qızıl dövrü adlandırılan Təbaşir dövrünün sonlarında meydana gələn böyük meteorid toqquşmaları dinozavr növləri ilə yanaşı, heyvan və bitki növlərinin də sürətlə yox olmasına səbəb olmuşdu.

Dinozavrların milyonlarla il əvvəl yaşadıqlarını necə bilirik?

Geologiyanın alt sahəsi olan Paleontologiya sözünün mənası Fosil elm deməkdir. Paleontoloqlar qayalarda tapılan fosilləri araşdıraraq qayaların qatılaşdığı dövrlərdəki canlı həyatı haqqında ətraflı məlumatlar əldə edə bilirlər. Bu araşdırmalar nəticəsində tapılan fosillər sayəsində dünyada təxminən 1000-ə yaxın dinozavr növünün yaşadığı müəyyən olunub. Bu çeşidliliyin artmasının əsas səbəbi isə məhz qitələrin sayının artması olub. Hər qitədəki fərqli iqlim şərtləri dinozavrların təkamül müddətindən keçməsinə səbəb olmuşdur.