İnsanlar günlük həyatlarında bir çox qərarlar verirlər. Bu proses qıraqdan adi görünür, fərd biraz fikirləşdikdən sonra qərar verir və həyata keçirir. Lakin gəlin, biz bu prosesin səhnə arxası məqamlarına daha yaxından baxaq. Təsəvvür edin ki, dondurma dükanının qabağında dayanıb sevdiyiniz 2 çeşid dondurma arasından seçim etməyə çalışırsınız. Nanəli və limonlu. Amma sadə görünən bu seçim belə, beyninizdə fırtınaya bənzəyən fəaliyyət dalğası yaradır.

Bir neyron tək başına yetəri qədər təsirli deyil. Lakin hər bir neyron minlərlə digər neyronla, onlar da yenə başqa mini ilə əlaqədədir, beləcə bu əlaqələr beyində budaqlanaraq şəbəkə əmələ gətirirlər. Həmçinin bu neyronlar, bir-birlərini xəbərdar edən və ya təzyiq göstərən kimyəvi maddələr ifraz edirlər.

Şəbəkə içərisində bir qrup nanəli dondurmanı təmsil edir. Bu qrup bir-birlərlərini qarşılıqlı olaraq xəbərdar edən sinir hüceyrələrindən ibarətdir. Onların yan-yana olmaqları şərt deyil, hətta beynin ayrı-ayrı bölgələrində yer almaları daha real görünür. Bir növ federasiya kimi davranan bu qrup üzvləri, bir-birləri ilə həyəcanlı şəkildə titrəşim içindədirlər, lap internet vasitəsilə danışan insanların söhbətləri kimi.

Digər tərəfdə isə limonlu dondurmanı təmsil edən rəqib partiya var. Hər bir qrup qarşısındakının fəaliyyətini zəiflədib özü üstün olmağa çalışır. Mübarizə sonda tərəflərdən birinin üstün olmağına qədər davam edir və qalib gələn tərəf sonrakı hərəkətimizi müəyyən edir.


Neyroloqlar beyin haqqında nə bilirlər?


Beynin fəaliyyəti, kompüterlərin əksinə, hər biri digərinə üstün gəlməyə çalışan ehtimallar arasındakı mübarizədən ibarətdir. Nanəli və ya limonlu dondurmanı seçdikdən sonra mübarizə yenə də bitmir: Bəlkə hər ikisini yeyim? Bir tərəfdən ləzzətli qida istəyirsiniz, digər tərəfdən isə bu qidanın şəkərli olduğunu və onu yemək əvəzinə idman etməli olduğunuzu düşünürsünüz. Verəcəyiniz qərar qarşıdurmanın necə bitəcəyindən aslıdır.

Beyindəki başlıca rəqib sistemləri araşdırmaq üçün “Trolley problemi” adlı düşüncə təcrübəsinə baxaq. Qatar nasazlıq səbəbindən idarəsini itirərək sürətlə relslərin üstündəki 4 işçiyə yaxınlaşır. Onlar çox güman ki, öləcəklər. Olduğunuz yerdə relsi başqa istiqamətə yönləndirəcək dəmir dəstək var; amma dəstəyi çəksəniz, digər yolda təkbaşına işləyən işçi öləcək. Dəstəyi çəkərsinizmi?

1
1

Digər ssenariyə baxaq. Qarşıdan sürətlə qatar gəlir. İrəlidə 4 işçi var. Siz relslərin üstündəki körpüdəsiniz, yanınızda heçnədən xəbəri olmayan iri bir adam var. Əgər adamı relsin üstünə itələsəniz, bədəninin ağırlığı qatarı dayandıracaq, 4 işçi xilas olacaq. Həmin günahsız adamı itəliyərdinizmi?

2

Burada dayanın. Hər iki vəziyyət sizdən eyni məntiqi, 4 nəfəri xilas etməyiniz üçün 1 nəfəri öldürməyinizi tələb etmirmi? Beyin görüntüləmə metodları ilə bu qərarları verərkən beyinin hansı hissələrinin daha fəal olduğu aşkar olunmuşdur. Birinci ssenaridə beyin məsələyə riyazi bir problem kimi yanaşır, beynin məntiqi qərarlar verən bölgələri aktivləşir. İkinci ssenaridə isə, sizdən birbaşa adam öldürməyiniz tələb olunur, burda beynin məntiqi zəkadan əlavə emosional zəkası da aktivləşir. Məntiqiniz sizə daha çox insanı xilas etməli olduğunuzu, duyğularınız isə günahsız insanı öldürməməli olduğunuzu söyləyir. Bir-birinə rəqib olan 2 instinkt arasında qalmısınız. Bu problem müasir dünyamızda da aktualdır. Müharibələri düşünün. Artıq çox uzaq məsafədə oturaraq bir düymə ilə ballistik roket göndərmək mümkündür. Pilotsuz uçuş aparatı ilə partlayışlar törədə, kiber hücumlarla uzaqdan dağıdıcı ziyanlar vura bilərsiniz. Aparılan bu müharibələrin uzaq təbiəti səbəbilə səbəbkarların beynində qarşıdurmaların şiddəti azalır, emosional zəka passivləşir.

Soyuq müharibə dövründə bir politoloq, nüvə başlıqlarını düşmən ölkəyə göndərəcək düymənin, prezdentin ən yaxın dostunun sinəsinə yerləşdirilməli olduğunu təklif etmişdi. Əgər prezident ani bir qərarla nüvə bombası partlatmaq istəsə, ilk öncə dostuna fiziki zərər yetirməli, onu parça-parça etməli idi. Bu cür ölüm-dirim məsələlərində başıboşcasına qərar vermək, təhlükəli ola bilər. Duyğularımız çox güclü və uzaqgörən “seçici kütləsi”dirlər. Qərar verərkən duyğularımızı nəzərə almamaq, bir çox səhvlərə yol açacaq. Hər kəsin robotlar kimi davranacağı bir dünya, heç də yaxşı bir dünya deyildir, distopyadır.

 

Tərcümə: Vüqar Namazov

Korrektə: Orxan Oğuz

David Eagleman “The Brain: The Story of You”, səhifə 99: “The brain is a machine built from conflict”