Kompüterinizdə hər hansısa problem yarandıqda texniki servisə müraciət etsəniz, kompüter ustaları sizdən ilk öncə ”Kompüteri söndürüb yandırmısınızmı?”, deyə soruşacaqlar. Maraqlıdır, nə üçün həll yolu kimi birinci söndürüb yandırmaq məsləhət görülür? Bunun cavabı çox sadədir: Kompüteri söndürüb yandırdıqda əməliyyat sistemi özünü yenidən başladır, Operativ Yaddaş  Qurğusu (RAM) lazımsız proseslərdən təmizlənir, kompüterin həddindən artıq qızmasının qarşısı alınır və daha yaxşı performans əldə edilir.

Buradakı “sehr” nədən ibarətdir? İlk öncə kompüterin işləmə prinsipinə baxaq; Siz kompüterdən istifadə edərkən müxtəlif proqramları açır, onların köməyi ilə tapşırıqları yerinə yetirir və onları söndürürsünüz – digər elektron cihazlarda olduğu kimi.

Müasir fərdi kompüterlər, söndürülmədən uzun müddət aktiv qala bilərlər. Proqramlar açılarkən kompüterin RAM-ından istifadə edirlər. Bundan əlavə, kompüterin əməliyyat sistemi də RAM-dan istifadə edir. Əməliyyat sistemi aparat təminatının limitinə çatdıqda, yəni RAM-da yer azaldıqda, ortaya problemlər çıxır. Bu da öz növbəsində proqramların donaraq işləməyinə, kompüterin qızmasına, daha aşağı performans göstərməyinə səbəb olur. Bu problemlərə ən asan həll yolu kimi sistemi yenidən başlatmaq – “restart” ağla gəlir.

Bütün elektronik qurğular – smartfonlar, rəqəmsal kameralar, televizorlar və s. bu cür proqramlara və yaxud əməliyyat sistemlərinə malikdirlər. Söndürüb-yandırmaq bu cihazlarda da çox vaxt effektiv nəticə verir.

Lakin elə sistemlər var ki, onlar heç vaxt yenidən başladılmır. Bu cür sistemlərə misal olaraq Hava Nəqliyyatına Nəzarət (ATC) sistemi, nüvə reaktorlarını işə salan proqramlar göstərilə bilər. Bu sistemlər yalnızca müvafiq proqramın tapşırıqlarını yerinə yetirdikləri üçün davamlı olaraq aktiv qala bilirlər. Günlük həyatımızda istifadə etdiyimiz elektron cihazlar daha ümumi məqsədlər üçün nəzərdə tutulduqlarından, onlar üçün “söndürüb-yandırmaq” ehtiyacı həmişə aktual qalacaq.

Mənbə:

https://curiosity.com/topics/why-does-rebooting-fix-computer-problems-curiosity/
https://fossbytes.com/why-restarting-required-computer-fixes-problems/