Deyilənə görə yuxuları dərhal unutmağımızın səbəbi beynimizin yaddaş və istiqamət tapmaqda vacib rol oynayan hipokampus kimi tanınan hissəsidir. Hipokampus yunanca tərcümədə dəniz atı deməkdir. Bu ad bu hissə dəniz atına oxşayır deyə verilib. Hipokampus qısa müddətli yaddaşımızdakı məlumatları uzun müddətli yaddaşımıza keçirməkdə rol oynayır. Aparılan araşdırmalar göstərir ki, hipokampus beynin ən son yuxuya gedən hissəsidir. Bunun nəticəsində oyandığımız zaman ən son oyanan hissələrdən biri də məhz hipokampusdur.

Bəzi elm adamlarına görə bu səbəb niyə yuxularımızın çoxunu xatırlamadığımızı açıqlayır. Oyandığımız zaman gördüyümüz yuxu qısa müddətli yaddaşımızda mövcuddur, amma hipokampus tam mənada oyanmadığı üçün yuxularımız qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa daşına bilməz. Beləliklə, yuxuları unuduruq. Bəzi araşdırmalara görə isə hipokampus yuxu əsnasında birtərəfli işləyir, korteksə məlumat göndərərkən ondan məlumatı qəbul etmir. Yuxuları xatırlamamağımızın arxasında neyronlar arasında əlaqə quran neyrotransmitterlərin olduğunu düşünənlər də var. Yatmağa başladığımız zaman iki fərqli neyrotransmitter sayılan asetilkolinnorepinefrin miqdarı sürətlə aşağı düşür. Yuxuya getdikdən təxminən 90 dəqiqə sonra REM kimi tanınan yuxu mərhələsinə keçirik. REM beynin yuxuda ən aktiv olduğu və tez-tez yuxu görən mərhələsidir. REM-ə girdiyimiz zaman asetilkolin ayıq olduğumuz zamankı dəyərinə geri qayıdarkən norepinefrin aşağı dəyərini qoruyur. Asetilkolindəki artım korteksin ayıq vaxtdakı kimi aktiv olmasını təmin etdiyi halda yaddaşla bağlı vacib rol oynayan norepinefrinin aşağı olması beynin bu anları xatırlamasını çətinləşdirir.

Bəs yuxularımızı daha çox xatırlamaq istəyiriksə nə etməliyik?

2017-ci ildə Fransada aparılan bir araşdırmada yuxularını hər gün xatırlayan 18 nəfərlə demək olar ki, heç xatırlamayan 18 nəfər araşdırıldı. Araşdırmanı aparan qrup yuxularını xatırlayanların gecə oyandıqları zaman orta hesabla iki dəqiqə, xatırlamayanların isə bir dəqiqə oyaq qaldıqlarının fərqinə vardı. Yəni, iki dəqiqə oyaq qaldığınız halda yaddaşınız işləməyə başlayır və yuxuları qeydə alır. Başqa sözlə, yuxuları xatırlamağın bir yolu da gecə iki dəqiqəlik də olsa yuxudan oyanmaqdır. Bunun üçün də gecə yatmazdan əvvəl su içmək lazım gəlir.