Dzen fəlsəfəsinə görə, insan mənəvi və intellektual cəhətdən yoxsul olanda, həmişə ətrafına maddi cəhətdən qiymətli əşyaları yığmağa çalışır. Və ilk növbədə, bir növ öz eqosunu və öz güvənini elə öz gözündə təmin etmiş olur.
Ətrafdakı insanların diqqətini çəkməyə çalışan bu cür insanlar, mənən zəif olduğu halda, öz xarici görünüşləri ilə “parlamağa” çalışırlar. Buna misal kimi ”qışqıran makiyaj”, dəbdəbəli geyim, praktik cəhətdən yox, görünüşə görə qiyməti yüksək əşyaları göstərə bilərik.
Özünə əmin insan ətrafdakılara nəyisə sübut etmək məcburiyyətini hiss etmir. Onun başqalarının gözündə ucalmaq üçün dəfələrlə estetik əməliyyat keçirmək və ya təpədən dırnağa kimi özünü dəyişib ideal görsənmək kimi təlabatı olmur. Baxımlı, sağlam və estetik görünmək başqa, ”mənliyini” itirmiş fərd kimi görsənmək isə tamam başqadır.
Elə sosial şəbəkələr də bu cür psixologiyanı müşahidə etmək üçün əla meydandır. Şəkil çəkdirəndə insanlar nəyə qiymət verirlərsə, elə onu da lentə alırlar. Məsələn, daimi yemək, əşya, geyim və fit bədən nümayiş etdirən insanların əslində sizə təqdim etməyə başqa bir şeyləri olmadığı üçün onlar bu cür şəkillərə böyük önəm verirlər. Əlbəttə, xarici ölkələrdən maarifləndirici və maraqlı atributların nümayişi bura daxil deyil. Yediyini, o yeməyin çekini, aldığı geyimin brendini və qiymətini paylaşan, bahalı əşyaların yanında durub poz verən insanlar əslində yoxsul daxili aləmlərini bahalı xarici aləmlə əvəz etməyə çalışırlar.
Özündən maddi cəhətdən üstün insanlara tanımadan hörmət etmək, simpatiya hiss etmək, mənəvi kasadlıq, şəxsi maddi imkansızlıq fonunda, güc qarşısında özünü alçaq hiss edib kompleksə düşmək məhz bu tip insanla aiddir.

Yazı: Səbinə Qarabağlı