Michel Foucault (Mişel Fuko), Jacques Derrida (1976, 1978) və Julia Kristeva (1984, 1977) poststrukturalizm[1] deyə bilinən intellektual bir hərəkatda ən önəmli şəxslərdir. Ancaq sosiologiya və sosial elmlərə ən çox təsir edənlər Foucault’nun fikirləridir. Cinayət, bədən, əqli xəstəlik və cinsiyyət haqqındakı yazılarında Foucault əhalini izləməkdə və kontrol etməkdə rolu artan həbsxanalar, xəstəxanalar və təhsil ocaqları  kimi modern təsisatların ortaya çıxışını təhlil etmişdir. Fərdi azadlığın aydınlanma ideallarının – intizam və nəzarət məsələsində – qaranlıq tərəfləri olduğunu göstərmək istəmişdir. Foucault modern təşkilatlanmış sistemlərdəki güc, ideologiya və diskurs arasındakı münasibətlər haqqında önəmli düşüncələr inkişaf etdirmişdir.#

İqtidar tədqiqatları sosiologiyada böyük önəmə sahibdir və Foucault klassik sosiologiyada qabaqcıl bəzi düşüncə cığırlarını izləmişdir. Diskurs[2] onun düşüncəsində mərkəzi yer tuturdu və bu termini ortaq fərziyyələrlə birləşdirilmiş müəyyən mövzular haqqındakı danışıq və düşüncə tərzlərini ifadə etmək üçün istifadə etmişdir. Məsələn, Foucault orta əsrlərdən bu günə qədər dəyişən əqli xəstəlik diskurslarını drammatik formada təsvir etmişdir. Orta əsrlərdə ağlını itirmiş şəxslər adətən zərərsiz olaraq qəbul edilirdi və bəziləri onların xüsusi bir qavrayış qabiliyyətinə malik olduqlarına inanırdı.

Ancaq modern cəmiyyətlərdə “əqli xəstəlik”, xəstəliyi və müalicəni önə çıxaran elmi və tibbi bir diskursla şəkilləndirilmişdir. Bu diskurs həddən artıq inkişaf etdirilmiş və nüfuzlu həkimlər şəbəkəsi, tibbi mütəxəssislər, xəstəxanalar, peşəkar dərnəklər və tibb jurnalları tərəfindən dəstəklənməkdə və irəlilədilməkdədir.

Foucault’ya görə iqtidar populyar mövqeləri, münasibətləri şəkilləndirmək üçün diskurs vasitəsilə işləməkdədir. İqtidar və səlahiyyət sahiblərinin formalaşdırdığı peşəkar diskurslara çox vaxt yalnız rəqabətdə olan peşəkar diskurslarla qarşı çıxılmaqdadır. Bu yolla diskurslar alternativ düşünmə və danışıq tərzlərini məhdudlaşdıran güclü vasitələr olaraq istifadə edilməkdədir. İnformasiya bir kontrol gücünə çevrilməkdədir. Foucault’nun yazıları arasında irəli çıxan mövzu iqtidar və informasiyanın nəzarət, tətbiq və fənn texnologiyaları ilə bağlıdır. Sosiologiyada bu baxış bucağı sosioloqların, fənnin bir çox sahəsindəki iqtidar münasibətləri haqqında düşüncə tərzlərini genişlətmişdir.

1980-ci illərdən bu yana postmodernizmin müdafiəçiləri klassik sosial mütəfəkkirlərin öz ilhamılarını tarixin hansısa bir istiqamətə getdiyi və irəliləməkdə olduğu  fikrindən aldıqlarını irəli sürməkdədirlər. Lakin bu an etibarilə bu düşüncə çökmüşdür və artıq heç bir mənalı “metanarrativ” – tarixin və ya cəmiyyətin müfəssəl konsepsiyaları – yoxdur. (Lyotard, 1985) Məsələn postmodern dünya Marx’ın ümid etdiyi kimi harmonik sosialist bir cəmiyyət olmaq taleyinə sahib deyildir. Həmçinin elmin amansız bir şəkildə sosial inkişafa yol aça biləcəyi fikri nüvə silahlarının və qlobal istiləşmənin olduğu bir dövrdə daha da az ağla batmaqdadır. Demokratiya dünyanın hər yerinə yayılmış, ancaq bir çox inkişaf etmiş siyasi sistemdə seçicilər seçkiyə qarşı laqeydləşmiş və siyasətçilər təhqir olunmuşdur. Bir sözlə, bir çox postmodern nəzəriyyəçi üçün modernizmin böyük proyekti bataqlığa ilişmişdir. Jean Baudrillard’a (1929-2007) görə postmodern dövr insanların real şəxslərə və ya yerlərə deyil media görüntülərinə reaksiya göstərdiyi bir dünyadır. Bu səbəbdən Uels Şahzadəsi Diana 1997-ci ildə öldüyündə bütün dünyada böyük bir kədər yaşandı. İnsanlar real bir şəxs üçünmü yas tuturdular? Şahzadə Diana əksər insanlar üçün yalnız kütləvi informasiya vasitələrilə var olan biriydi və onun ölümü real həyatdakı bir yaşantıdan çox bir serial kimi təqdim olunmuşdu. Gerçəyi təmsil ediləndən ayırmaq, ikisinin qarışığı olan “hipergerçəklik” mövcud ikən mümkünsüz hala gəlmişdir.

Zygmunt Bauman (1992) postmodern mövzuda düşünməyin iki forması arasında yararlı bir bölünmə təklifini irəli sürmüşdür. Bir postmodenist sosiologiyaya ehtiyacımız varmı? İlkin fikir, sosial dünyanın sürətlə postmodern bir istiqamətdə irəlilədiyini qəbul etməkdədir. Kütləvi informasiya vasitələrinin yeni informasiya texnologiyalarının  geniş çapda böyüməsi və yayılması dünya miqyasında insanların daha axıcı hərəkəti və multikulural cəmiyyətlərin inkişafı – bütün bunlar artıq bizim modern yox, postmodern bir dünyada yaşadığımız mənasına gəlir. Ancaq bu fikirdə sosiologiyanın formalaşan postmodern dünyanı təsvir etməsi, anlamağı və izah etməsinin mümkün olmadığını düşündürəcək bir səbəb yoxdur.

İkinci fikir, kapitalizm, sənayeləşmə və milli dövlətlərin modern dünyasını uğurlu şəkildə təhlil edən sosiologiya növünün artıq mərkəzi mövqedə olmaqdan uzaqlaşmış, pluralist, media doymuşluğu içindəki qloballaşan postmodern dünya ilə uğraşmaq qabiliyyətində olmadığını və yeni nəzəriyyələrlə konsepsiyaların ortaya qoyulmasının mütləq olduğunu irəli sürməkdədir. Bir sözlə, postmodern dünya üçün postmodern bir sosiologiyaya ehtiyac duymaqdayıq. Belə bir sosiologiyanın nəyə bənzədiyi isə dəqiqlik qazanmamışdır.

Bauman, modernizasiya proyektinin Avropa Aydınlanmasından formalaşan cəmiyyəti rasionallıqla şəkilləndirmək  düşüncəsinin artıq bir mənası olmadığını, ən azından bunun Comte, Marx və digər klassik nəzəriyyəçilərin güman etdikləri formada gerçəkləşməyəcəyini qəbul etməkdədir. Ancaq əsrin əvvəlindən bəri o da – çox fərqli istifadə edilməklə təhrif olduğunu söylədiyi – “postmodern” terminindən uzaqlaşmış vəziyyətdədir və indi içində olduğumuz dövrü modern bir nizam və sabitliyi bərqərar etmək istiqamətindəki bütün cəhdlərə rəğmən daimi dəyişiklik və qeyri-müəyyənlik içində olmağının əks etdirdiyi bir “axımcıl modernizm” olaraq açıqlamaqdadır. (Bauman, 2000, 2007b)

Əlbəttə xeyli sosioloq postmodern bir dövrə hamılıqla daxil olduğumuz tezisini rədd etməkdədir. Postmodern nəzəriyyənin güclü tənqidçilərindən biri olan Jürgen Habermas (1983) modernizmi “tamamlanmamış bir proyekt” olaraq görməkdədir. Tarixin zibilliyinə göndərmək əvəzinə daha çox demokratiya, daha çox azadlıq və daha rasional siyasət üçün onu inkişaf etdirməliyik.

Habermas postmodernistlərin təməlində pessimist və məğlubiyyəti qə bul edən şəxslər olduğunu müdafiə etməkdədir. Hansı rəyin daha məntiqli olduğunu düşünürsüz düşünün, postmodern analizlər birinciliyi, 21-ci əsrdə sosial transformasiyanın istiqamətini anlamaq üçün hakim nəzəri çərçivə halına gələn qlobalizasiya nəzərəriyyəsinə vermişdir.

[1] Michel Foucault’nun araşdırmaları ilə sosiologiyada populyarlaşdırılan və linqvistika sahəsindən törəyən, sosial elmlərə tətbiq olunan bir yanaşmadır. Poststrukturalistlər dünya haqqındakı mütləq doğruların ortaya qoyula biləcəyini rədd edir, bunun əvəzinə gerçəklik haqqında çoxsaylı izahların qaçılmaz olduğunu vurğulayırlar.

[2] Sosial həyatın müəyyən bir sahəsindəki düşüncənin çərçivəsi.

Mənbə: Anthony Giddens & Philip W. Sutton — Sociology 7th edition (2013)

Yazdı: Cavid Məmmədov