Qədim Yunanıstan dünya tarixində çox önəmli yer tutur. Təhsilin, elmin və mədəniyyətin inkişafına görə dünya xalqları arasında ön sıralarda qərarlaşır. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Miken mədəniyyəti süquta uğrayır və Yunanıstan şərqdən gələn yeni mədəniyyət dalğası ilə yüksəlməyə başlayır. Miken mədəniyyəti çökəndən sonra “Miken xətti” deyilən ilkin yazı üslubu da unudulur, yunanlar  finikiyalıların gətirdiyi əlifbanı özlərinə uyğunlaşdırıb, qəbul edirlər. Yazı isə insan cəmiyyətinin şübhəsiz ki, ən böyük kəşfidir. Çünki yazı olmasaydı insanlar heç bir qeyd tuta bilməyəcəkdilər. Qeyd yoxdursa bilgi də yoxdur, bilgi yoxdursa heçnə yoxdur.

E.Ə. 8-7-ci yüzilliklərdən başlayaraq yunan mədəniyyəti sürətlə yüksəlməyə başlayır. Bunun səbəbi öyrənməyə olan maraq idi. Yunanlar niyə öyrənmək istəyirdi? Yunanıstan torpaqları geoloji olaraq əkinə yararsız torpaqlardır. Torpaqları quraqdır, əhəng daşı çoxdur və başqa vulkanik daşlarla zəngindir. Beləliklə, Yunanıstanda əkinə yararlı torpaq heç də bol deyil. Buna görə də yunanlar ölkənin bütün əhalisini doyuracaq miqdarda məhsul istehsal edə bilmirdilər. Belə olan halda Yunanıstandan çoxlu sayda insan köç edib başqa yerlərdə məskunlaşırdılar. Bu yunan şəhər dövlətlərinin Qara dəniz sahili, müasir Fransa, İtaliya, Şimali Afrika, Aralıq dənizi adalarında çox sayda kaloniyasının olmasına səbəb olurdu. Və bu səbəbdən yunanlar onları əhatə edən dünyanı sürətlə öyrənməyə başlamışdılar. Qədim yunan dünyası qərb əfsanələrində “Herakılın sütunları” adalanan Cəbəllütariq boğazı, şərqdə isə dünyanı saxlayan sütunlardan sayılan Qafqaz dağlarından ibarət idi. İnsanlara alovun sirrini verdiyinə görə Promotey Zevs tərəfindən bu dağa zəncirləmişdi.

Qədim Yunanıstanda elmin yüksəlişinin başqa bir səbəbi də ölkənin polis adlanan şəhər dövlətlərdən ibarət olması idi. Çünki mərkəzi, despotik hakimiyyətlər bilərəkdən, yaxud bilməyərəkdən hər zaman elm və təhsilə əngəl törədiblər. Bunun tarixdə örnəkləri çoxdur. Hətda Haxamanişlər Yunanıstana hücum edən zaman da yunan şəhər dövlətləri bir qərara gəlib, ortaq düşmən olan farslara qarşı birləşə bilmirdilər. Sistemli despotik və monarxik hakimiyyəti olmayan şəhər dövlətləri əsasən “demokratiya” ilə idarə edilirdi. Başları üzərində despotun dəmir yumruğu olmayan müəllimlər, alimlər öz fikirlərini sərbəst səsləndirə bilirdilər. Buna görə də qədim Yunanıstanda təhsil inkişafda idi. Sonrakı illərdə Roma imperiyası tərəfindən ilhaq edilən yunan şəhər dövlətləri öz inkişaf özəlliklərini itirirdi. Xristianlığın gəlişindən sonra isə Yunanıstan öz adlı-şanlı günləri ilə həmişəlik sağollaşır.

Qədim Yunanıstanın bütün şəhər dövlətlərində uşaqlar kiçik yaşlardan təhsilə yönləndirilirdilər. Spartadan başqa digər şəhərlərdə uşaqlara musiqi, incəsənət, ədəbiyyat, riyaziyyat, siyasət kimi bir çox sahələrdən dərslər keçilirdi. Altı yaşına çatmış oğlanlara isə artıq oxumaq və yazmaq da öyrədilirdi. Qədim Yunanıstanda iki əsas təhsil sistemi mövcud idi: Afina sistemi, Sparta sistemi. Afina sistemi iki istiqamət üzrə aparılırdı, fiziki və intelektual hazırlıq və ya yunanca adları ilə uyğun olaraq, gimnastika və mosike. Gimnastika fiziki hazırlıq idi. İnsanları güclü, dözümlü, fiziki cəhətdən formada saxlamaq və daim müharibəyə hazır olmaq üçün hazırlayırdı. Həmçinin insanların qoca yaşda da sağlam qalması məqsədi daşıyırdı. Buna görə də oğlan uşaqları öz ibtidai təhsillərinə başlayan zaman artıq gimnaziyalara gedib fiziki hazırlıq keçirdilər. Gimnaziya sözü yunan dilindən tərcümədə çılpaq deməkdir. Mosike istiqaməti isə uşaqları intellektual baxımdan hazırlaşdırırdı. Burada rəqs, şairlik, musiqi və sair kimi sahələr öyrədilirirdi. Bunlarla yanaşı, burada uşaqlar tərbiyə olunur və necə alicənab olmalı olduqları öyrədilirdi. Mosike sözünün mənasına gəldikdə isə bu muzelərdən gəlir. Qədim Yunanıstanda muzelər elm, incəsənət və poeziya allahları sayılırdılar, Zevsin (ildırım allahı) və Mnemosianın (yaddaş ilahəsi) qızlarıdırlar. “Musiqi” sözü də buradan yaranıb.

E.Ə. 420-ci ildən başlayaraq isə yüksək ali təhsil Afinada tədris olunmağa başlayır. Bu işdə xüsusilə Sokratın təlimatları mühüm rol oynayır. Yüksək ali təhsil verən təhsil ocaqlarının yaradılmasından sonra ali təhsil verən məktəblər Afinada geniş yayıldı. Nəticədə Afina cəmiyyəti təhsildə intelektual xəttə (yəni mosike xəttinə) fiziki təhsildən (gimnastika)daha çox önəm verməyə başladı.

Afina təhsil sisteminin dünyaya bəxş etdiyi iki əsas müəllim var. Biri islam dünyasının Əflatun kimi tanıdığı Platon (e.ə. 427-347), digəri yenə İslam dünyasında Ərəstun kimi tanınan Aristotel (e.ə. 384-322). Platon qərb fəlsəfəsinin yaradıcılarında sayılan Sokratın şagirdi idi. Peloponnes müharibələrində Afina Spartanın başçılıq etdiyi Peloponnes liqasına uduzandan sonra Afina baş bilənləri məğlubiyyətin səbəblərindən biri kimi Sokratın fəlsəfəsini günahlandırırdılar və məhkəmə (Platonun bu məhkəmə barədə “Sokratın müdafiəsi” adlı kitabı var) qərarı ilə Sokrat zəhər içərək intihar edir. Sokratın edamından sonra Platon Yunanıstanı tərk edib Siciliyaya və İtaliyaya gedir. O on il sonra Afinaya geri qayıdır və e.ə. 387-ci ildə öz akademiyasını qurur. Akademiya sözü əfsanəvi yunan qəhrə- manlarından olan Akademosun adı ilə bağlıdır. Platon özü müəllimi Sokrat kimi idealist fəlsəfənin tərəfdarı olduğundan onun Akademiyası da idealist fəlsəfəni tədris edirdi. Platon və Sokrat hər nə qədər qərb fəlsəfəsi və elminin qurucuları sayılsalar da idealist düşüncələrinə görə onlar həm də elm düşməni də adlandırılırlar. İdealist fəlsəfənin təməlində o durur ki, bəşəriyyət tanrının ideal zəkasının məhsuludur və qüsursuzdur. Buna görə də onların (Sokrat və Platonun) hər şeyi ideal görən gözləri təbiətdə baş verən anormallıqları tanrının qüsursuz planının bir parçası hesab edirdi. Bu düşüncə tərzi də öyrənməyə olan marağın qarşısında bəsit bir cavab qoyurdu: “Tanrı”.

Platon Akademiyasının yetişdirdiyi dünya tarixinin ən önəmli şəxsiyyətlərindən biri, Platonun şagirdi Aristoteldir. Aristotel idealist fəlsəfənin təsiri altında yetişdirilsə də o heç də Platonçu olmur. İdealist olmayan Aristotelin bəşəriyyət haqqında fikirləri müasir elm dünyasında daha çox rəğbət görür. Platonun ölümündən sonra o Platon Akademiyasından qovulur və indiki Türkiyədə yerləşən Asosa gedir. 342-ci ildə Makedoniya kralı Filip on üç yaşlı oğlu İsgəndərə müəllimlik etmək üçün Aristotelə dəvət göndərir, hansı ki, gələcəkdə Makedoniyalı İskəndər olaraq tanınacaqdı, Aristotel də bu dəvəti qəbul edir. 335-ci ildə Afinaya qayıdan Aristotel İsgəndərin dəstəyi ilə öz fəlsəfəsini tədris etdiyi “likeion” adlanan məktəb də açmışdır. Bu adı yunan tanrısının adından götürmüşdür (Liekonlu Apollon). Bu gün lisey adlanan məktəblər də adını Aristotelin likeonundan almışdır.

Qədim Yunanıstanda olan digər təhsil sistemi də Sparta sistemi idi. Spartalılara görə hər bir kişi dözümlü və bacarıqlı əsgər kimi Sparta falanqasının bir üzvü olmalı idi. Spartada oğlan uşaqları 7 yaşından bu hərbiləşmiş təhsilə başlayırdı. Bu sistemin Aqoq adlanırdı. Aqoqda onlara nizam-intizam, dözümlülük, döyüş bacarıqları öyrədilirdi. Spartalı oğlanlar 18 yaşda artıq Aqoq təhsilin bitirirdilər və Efeb adını qazanırdılar. Daha iki illik təhsildən sonra isə 20 yaşında rəsmi olaraq Sparta əsgəri adlanırdılar. Afinadan fərqli olaraq Spartada qadınların müəyyən hüquqları var idi. Onlar dövlət nəzarəti altında müəyyən dərəcədə təhsil ala bilirdilər. Qadınların təhsili əsasən fiziki yönümlü idi. Təxminən 18 yaşına çatmış qadın artıq təhsilin başa vurmuş sayılırdı.

Beləliklə, Qədim Yunanıstan təhsil və elmin inkişafına görə o dövrdə yüksək səviyyəyə çatmış, dünyaya Anaksemandr, Arximed, Aristotel kimi böyük insanlar bəxş etmişdir. Sonradan İslam dünyası qədim yunan mədəniyyəti ilə tanış olduqdan sonra ondan əhəmiyətli dərəcədə təsirlənmişdi. O dərəcədə ki, ərəb dilində “ilk müəllim” mənasına gələn Muallim-i Əvvəl titulu Aristotelə verilmişdir. Bu siyahıda onu Muallim-i Sani (ikinci müəllim) adı ilə Fərabi, Muallim-i Səlasə adı ilə İbn Miskəveyh izləyir.