Yazdı: Cəfər Cəfərli

Yunanıstanda elm və fəlsəfənin yaranması:

Qədim dövrlərdə Yunanıstan bugün də bir çox insanı heyrətə salan elm adamları yetişdirmiş və bu elm adamları böyük kəşflər etmişdir. Maraqlısı budur ki, həmin dövrdə Qədim Yunanıstanın çatdığı səviyyəyə çatan başqa bir mədəniyyətin nə Avropada, nə də Asiyada mövcud olması bugün də elmə məlum deyil. Bəs necə oldu ki, dünyaya Arximedi, Aristoteli verən mədəniyyət ortaya çıxdı?

Qədim Yunanıstanda elmi, mədəni, fəlsəfi inqilabı mümkün edən səbəbləri bir neçə başlıq altında toplamaq olar: Yunanıstanın coğrafi mövqeyi, siyasi sistemi, yunan dininin xüsusiyyətləri və b.

Coğrafi özəlliklər

 Yunanıstan üç tərəfi dənizlə əhatələnmiş kiçik, dağlıq bir ölkədir. Ölkə ərazisi dağlıq olduğundan qədimdə olduğu kimi bugün də torpağının çox az hissəsi əkinə yararlıdır. Ancaq ölkənin sahil xətti uzun, girintili-çıxıntılıdır, buna görə də dənizçilik üçün olduqca uyğun hesab olunur. Yunanıstanın ərazisi Portuqaliyadan kiçik olsa da, sahil xəttinin uzunluğu İspaniya sahil xəttindən də uzundur.

Yunanıstan coğrafiyasının bu özəllikləri onun qədim dünyanın qabaqcıl mədəniyyətlərindən biri olmasında mühüm rol oynamışdır. Belə ki, relyefi düzən ölkəyə nəzərən (məsələn: Mesopotamiya, Misir) Yunanıstanın dağları onun üçün təbii qala rolunu oynayırdı. Bundan başqa, ölkənin dağlarla bölünməsi çoxlu fərqli mühitin yaranmasına gətirib çıxardırdı. Nəticədə, Yunanıstan kimi kiçik bir ölkədə çox sayda fərqli insan birlikdə yaşamağa məcbur olurdu.

Ölkədə əhali artdıqca Yunanıstanın bərəkətsiz torpaqları öz xalqının qida ehtiyacını ödəmirdi. Buna görə də yunanlar qədim dövrlərdən öz ehtiyaclarını ödəmək üçün ticarətə və dənizçiliyə meyl etmiş, öz ana vətənlərindən köçərək daha bərəkətli torpaqların axtarışına çıxmışdılar.

Xüsusilə bu son qeyd etdiyimiz məsələ, yəni koloniyaların qurulması Yunanıstanın intellektual inkişafında toxum rolunu oynamışdır. Qədim yunanlar istənilən dövrdə və istənilən siyasi rejimin idarəsi altında bütün Qara və Aralıq dənizlərinin sahilləri boyu koloniyalar qurublar. Bu koloniyalar öz şəhərlərində müharibələrdən qaçan, yaxud aristokratik idarə altında yoxsullaşan, müxtəlif mübahisələrdə təzyiqlər görən aydın insanlar üçün daim ümid yeri olmuşdur.

Bundan başqa, bu koloniyalar bağlı olduqları şəhərlər üçün xam maddə qaynağı hesab edilirlər. O dövrdə təkcə Milet şəhərinin Qara və Aralıq dənizi sahilləri boyunca qurduğu koloniyaların sayı təxminən 80 civarında idi.

Bir başqa məsələ də budur ki, bu koloniyaları quranlar da yunanlar arasında ən bacarıqlı və cəsarətli olanları idi. Çünki onlar öz ana vətənlərini tərk edib bilinməyən yerlərdə həyat mübarizəsi verəcək qədər hünər sahibi idilər. Beləliklə, bu insanlar öz ana vətənlərindəki adətlərinin, həyat tərzlərinin gəldikləri yeni dünyada onlara əngəl törətdiyini görəndə yeni şəraitə uyğunlaşmağa məcbur olurdular. Həmçinin yeni yerləşdikləri ərazidə yerli əhali ilə və onların inancları ilə tanış olmaları yunanların öz inanclarını sorğulamasına gətirib çıxarırdı. Nəticədə yunanlar oradakı yerli əhali ilə qaynayıb qarışırdı. Bu qarışmalar isə bu gün də olduğu kimi, o dövrdə də müsbət nəticələr verirdi. Buna görə də koloniyalarda məskunlaşan insanlar mədəni baxımdan zəngin və daha çox özgüvənli olurdular. İllər keçdikcə isə yeni məskunlaşılan ərazilərdə, xüsusilə İoniyada (Anadolunun qərbi) qəhrəmanlıq mahnıları yerini lirik şeirlərə verir, siyasi həyatın qaynar olması fərdi daha aktiv olmağa sövq edir və özünə inamını artırırdı. Beləliklə, fərdin öz yoldaşlarının, xalqının ağrı-acısını dilə gətirməkdən çəkinmədiyi, alovlu nitqlər söylədiyini görürük. Fərd artıq əfsanəvi qəhrəmanların uğurlarını və ya kədərlərini yox, öz sevinclərini və kədərlərini dilə gətirməyə başlayır.