Keçən il döş xərçəngi səbəbilə həyatını itirən ”Riyaziyyatın Nobeli” sayılan ”Fields medalı”na layiq görülmüş məşhur riyaziyyatçı qadın Məryəm Mirzəxaninin qısa bioqrafiyasıyla dəyərli oxucularımızı tanış etmək istəyirik. 

Tarix boyunca qadınların elmə və bəşəriyyətə olan qatqıları danılmazdır. İsgəndəriyyənin Hypatya’sı, kimyanın Mariya Kürisi deyərkən İran əsilli riyaziyyatçı Məryəm Mirzəxanini unutmaq mümkün deyil. 

3 may 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində dünyaya göz açan Məryəm uşaqlığından bəri kitab oxumağı çox sevirdi. Universitetə daxil olana qədər ağlında riyaziyyatçı olmaq fikri yox idi, çünki o bu vaxta qədər yazıçı olmağı hədəfləyirdi. Təzyiq olmayan mühitdə böyümüşdü və ailəsi onun hər fikrində, hər qərarında yanında idi. İran-İraq müharibəsinin canlandığı dövrlərdə ailəsinin ona olan qatqıları o dövrün ailə quruluşlarında çox da rast gəlinməyən hal idi. Böyük qardaşı səyahətlərin birində Məryəmdən 1-dən 100-ə qədər olan rəqəmlərin cəmini soruşmuş və ona Gauss üsulunu izah etmişdi. Nəticə Məryəmi heyran qoydu. İllər sonra bir reportajında ”Həll yolunu tapmamışdım, amma ilk dəfə bir nəticədən həzz almışdım”, deyə izah edir. 

O, məktəbi bitirdikdən sonra şəhərdəki qızlar liseyində oxumağa başlayır. Riyaziyyat xaricində demək olar ki, bütün dərslərdən ən yüksək qiymətlər alırdı. Müəllimlərindən biri Məryəmin riyaziyyatda xüsusilə uğursuz olduğunu düşünürdü. O, bu hadisədən sonra riyaziyyata olan marağını, növbəti müəllimə rast gələnə qədər itirir. Sonrakı riyaziyyat müəlliminin dəstəyi ilə Məryəm riyaziyyat elmi üzrə qabiliyyətini üzə çıxarır və uğurları ilə məktəbin ulduzuna çevrilir. Qatıldığı Beynəlxalq Riyaziyyat Olimpiadalarında 2 il ard-arda qızıl medal qazanır. Bu, o dövrün İranında ilk idi. 

Universiteti Tehranda yerləşən Şərif Texniki Universitetində bitirdikdən sonra 2004-cü ildə Harvard Universitetinə doktoranturasını tamamlamaq üçün getdi. Orada ”Fields medalı”na sahib Curtis McMullenin seminarlarına qatıldı. Bu gənc beyin qısa zamanda McMullenin marağını cəlb etdi. McMullen onun haqqında belə deyirdi:

– ”Cəsarətli düşünərdi. Zehnində nələrin baş verməsi haqqında xəyali cizgilər qurar, sonra ofisimə gəlib bu cizgiləri mənə izah edərdi. İncə səslə ”doğrudurmu?” deyə soruşardı.

Məryəm daha sonra Harvardda riyaziyyatın ən çətin sahələrindən sayılan səthlər və hiperbolalar üzərində işləməyə başladı. Doktoranturadan sonra Stanford Universitetində professor adı qazanan Məryəm burada hiperbolik geometriya, simplektik geometriya və Teichmüller teoreminə maraq göstərir. Bu işlərdən sonra Məryəm 2014-cü ildə ”Fields medalı”nı qazanan ilk qadın riyaziyyatçı oldu. Bütün dünya onun haqqında danışır, İran qəzetləri xüsusi proqramlarla onun saçını bağlayıb xəbərlərini yayırdı. 

2013-cü ildə döş xərçəngi olduğunu biləndə Məryəm həyata daha möhkəm bağlanmağa çalışdı. Lakin xəstəlik daha da irəlilədiyi üçün 14 iyul 2017-ci ildə həyatını itirdi. Ölümündən sonra İran qəzetləri tarixlərində ilk dəfə bir qadının başı açıq fotolarını yapışdıraraq xəbərlər yaydılar. Qanunları göz ardı edən ilk şəxs isə prezident Həsən Ruhani oldu. 

Riyaziyyatın sehirli dünyasına qəlbini verən, başqa dəyərli medallara da sahib olan, qısa zamanda böyük işlər görən Məryəm Mirzəxanini hörmətlə anırıq!