1950-ci ildə bəşəriyyət yeni elm və texnologiya dövrünün astanasında idi. Müasir cəmiyyətimizin əsasları o dövrdə atılmış, mikrodalğalı soba, leqo və kredit kartı kimi yeniliklər həyatımıza girməyə o dövrdə başlamışdı. Bəşər övladı atom dövrünün inkişafını həzm etməyə çalışır, sosial qanunlar yenidən yazılırdı. Amma de gəl ki, dördnala çapan bu müasirliyin ortasında yaşadığımız planeti tam mənimsəyə bilməmişdik. Geoloqlar planetimizin qayalarını yaxşıca araşdırıb sinifləndirmişdilər, amma planetimizin özünü açıqlaya bilmirdilər. Bu qayalar necə yaranmışdılar? Bu vulkanın orada nə işi var? Niyə bəzi qayaların yaşı çox, bəzilərinin az idi?

Tutarlı açıqlama tələb edən sirlərdən biri Cənubi Amerikanın şərq sahili ilə Afrikanın qərb sahilinin yappoz hissələri kimi bir-birinə tam birləşəcək formada olması idi. Qaya növləri də bir-birinə uyğun gəlirdi. Bütün bunlar təsadüf ola bilərdimi? Bir çox elm adamı bunu önəmsiz qəribəlik kimi görürdü. Nəticə etibarilə, bu qədər böyük qitələrin yerindən tərpənməsini düşünmək axmaq fikir olmalı idi. 1990-cı ilin əvvəllərində Alfred Wegener adlı alman araşdırmaçı bütün dəlilləri bir yerə topladı və kontinental sürüşmə fikrini ortaya atdı. Wegenerin fikrincə Cənubi Amerika və Afrika bir vaxtlar bitişik idi. Bu nəhəng quru kütlələrindən biri digərindən qoparaq planetin səthində irəliləmişdi. Çox az elm adamı bu fikri ciddi qəbul etdi, çünki qitə qədər böyük bir şeyin 5000 km sürüşməsi ağlabatan deyildi. Qitəni nə bu qədər güclü formada itələyə bilərdi? Wegener qitələrin okean qayasını yararaq irəlilədiyini desə də sübut göstərə bilmirdi. ”Necə” və ”niyə” sualı qarşısında aciz qalan cavablardan sonra Wegener-in irəli sürdüyü iddia aradan götürüldü.

1950-ci ildə bu mövzu barədə yeni fikirlər yox idi, amma yeni hesablamalar aparılmışdı. Vulkanların püskürtdüyü lavaların içində dəmirlə zəngin birləşmələr mövcud idi və bu birləşmələrin hər bir hissəsi kompasın oxları kimi davrana bilir, istiqamətini maqnetik sahəyə uyğun formada müəyyən edə bilirdi. Amma daha da vacibi, lavalar soyuyub qatı qayaya çevrildiyi zaman kiçik dəmir mineralları artıq tərpənmədiyindən olduqları yerdə sabitlənirdilər. Beləliklə, bu kiçik donmuş maqnitlər yarandıqları yerin maqnit sahəsi necə idisə o istiqamətdə tərpənmədən qalırdılar. Geoloqlar bu qeydləri araşdıraraq əsrlər boyu maqnit sahəsinin necə dəyişdiyini öyrəndikləri zaman yeni, qəribə bir şey üzə çıxdı. Yerin maqnit sahəsinin istiqaməti bir neçə yüz min ildən bir dəyişirdi. Həm də tam əks formada. Yəni, cənub şimala, şimal isə cənuba. Hər hansı problem yaratmasa da bu çox qəribə idi.

Geoloqlar daha sonra dəniz tavasını araşdırdılar. Yerin quruluşu ilə bağlı ən böyük sirlərdən biri normal halda düz olan, dəniz tavaları boyunca uzanan sıra dağlar idi. ”Bu dağların burada nə işi var idi?”, sualına heç kim cavab tapa bilməmişdi. Bu silsilələrin ən məşhuru suyun üstündən başlayan (İslandiya dediyimiz ölkə bu dağ silsiləsinin sudan çıxan ucudur) və suyun altına enib Atlantik okeanı boyunca ziq-zaqlar çəkərək demək olar ki, Antarktikaya qədər uzanan Orta-Atlantik silsiləsidir. 1960-cı ildə aparılan maqnetik hesablamalar bu sıra dağları əhatələyən qayaların maqnetizmində də bir qəribəlik olduğunu üzə çıxardı. Maqnetik sahələr xətt-xətt idi və xətlər sıradağlara paralel yerləşmişdi. Əsas silsilədən başlayaraq uzaqlaşdıqca dəniz tavasındakı qayaların maqnetizmləri müəyyən məsafəyə qədər şimalı, sonrakılar isə cənubu, daha sonrakılar yenidən şimalı və bu sıra beləcə davam edirdi.

1962-ci ildə iki ingilis araşdırmaçı Drummond Hoyle Matthews və Fred Vine aradakı əlaqəni açıqlaya bildilər. Sonradan baxdıqda hissələrin bir-birinə necə də uyğun gəldiyini görə bilirik. Araşdırmaçıların ağlına bu sual gəlmişdi: Bəlkə qitələr bir-birindən uzaqlaşarkən dənizin altındakı vulkanlar yeni dəniz tavası yaradır? Silsilədəki maqnetizm hal-hazırki maqnetik sahə ilə uyuşurdu. Lakin qitələr bir-birindən uzaqlaşarkən silsilədəki qayalar vulkanların hər iki tərəfinə doğru sürüşməli və yeni qayalar yaranmalı idi. Yerin maqnetik sahəsi tərsinə çevriləndə yeni lavaların maqnetizmi də ona uyğun olur, beləliklə tərs istiqamətə işarə verən yeni xətt yaratmağa başlayırdı. Eyni dövrdə aparılan başqa araşdırmalar da köhnə dəniz tavasının parçalanmaqda olduğunu göstərirdi. Belə olması məntiqli sayılırdı; nəticə etibarilə, planet hər zaman eyni ölçüdə idi. Cənubi Amerikanın digər tərəfində And dağları var, çünki Sakit Okeanın qədim dəniz tavası sürüşərək bu nöqtədən Yerin içinə daxil olub. Qitələrin hərəkət etdiyini, toqquşduğunu və ayrıldığını, bu zaman da yeni dəniz tavası yaradıb əvvəlkini yox etdiyini öyrəndiyimiz zaman geologiyadakı əmələgəlmələr dəyər qazanır. Pilitə tektonikasının kəşfi geologiyada əməlli-başlı cığır açıb. Planetimizin formasına dair bildiklərimizin əsasını Pilitə tektonikası təşkil edir.

Nəticə etibarilə, qitələr həqiqətən də hərəkət edirlər. Amma dəniz zəminini yararaq yox. Yer səthinin altındakı konveksiya axıntıları ilə itilərək maqmanın üstündə sürüşürlər. Bu hadisə keçmişdə olub bitmiş bir şey deyil. Atlantik okeanı bu günün özündə də genişlənməkdədir. (İldə təxminən 2.5 sm). Yaşadığımız dövrün maqnetik cizgiləri inkişaf etməkdədir. Keçmişdə elm adamları Yerin səthinin bu qədər səyyar ola biləcəyinə ehtimal verməsələr də dəniz tavasının maqnetizm nümunələri bu həqiqəti danılmaz edir. Hal-hazırda qitələrin hərəkəti GPS vasitəsilə çox həssas formada ölçülür. Lakin Yerin keçmişdəki və hal-hazırki formasının necə dəyişdiyini anlamağımızı təmin edən şey milyonlarla il boyunca qayaların içində saxlanılan maqnetik sahələr olub.

İstinad: Storm in a Teacup

Tərcümə: Orxan Oğuz