Turistlər kameralarına ən gözəl duruşları göstərmək üçün bir-birinin üzərinə çıxarkən səkidə sanki sirk nömrəsi göstərirdilər. Bu zaman London taksiləri, hədiyyəlik əşya satıcıları, yemək-içmək arabaları, it gəzdirənlər və avtobuslar arxa planda gündəlik həyatlarına davam edirlər. Tur rəhbərimiz bütün bu qarışıqlığın arasından özünə yol açarkən biz də bala ördəklər kimi onun arxasınca gedirdik. Rəhbərimiz qüllələrdən birinin döşəməsində dəmir qapını açır və bizi daşdan düzəldilmiş daxma kimi bir yer salır. Birdən-birə hər yer sükuta qərq olur. Özünü içəri salaraq turist izdihamından xilas olan qrup dərindən ah çəkir. Nəhayət ki, mükafatımıza qovuşduq; daş kimi möhkəm, Viktoriya dövrü mühəndisliyinin insana güvən verən düyü çarxları, nəhəng manivelaları və vanaları! Qüllə Körpüsünün (Tower Bridge) xaricdən ecazkar görüntüsü dünyaca məşhurdur; biz isə daxilini, bu zərif və güclü canavarın bərk poladdan hazırlanmış daxili orqanlarını görməyə gəlmişdik. 

London iki min ildir ki, liman olaraq istifadə olunur. Şəhərin içindən çayın keçməsinin ən gözəl tərəflərindən biri 2 sahil xəttinin olmasıdır. Temza çayı üzən cisimlər üçün magistral, yeriyən və dığırlanan şeylər üçün isə böyük bir maneədir. Əsrlər boyunca bu çayın üzərində onlarla körpü tikilmiş və dağıdılmışdı. 1870-ci ildə şəhər yeni bir körpü üçün fəryad qoparırdı. Amma bir problem var idi. Bu körpü, üzərindən at arabaları keçə biləcək qədər alçaq, gəmilər keçə biləcək qədər hündür olmalı idi. Tapılan mükəmməl həll yolu elə Qüllə Körpüsü idi!

Kiçik daş daxmanın içində sizi aşağı aparan spiralvari pilləkan yerləşir. Pilləkan qüllənin bünövrəsində gizlənmiş sıra ilə düzülmüş nəhəng daş zirzəmilərə açılır. Nağıllar ölkəsi Narniaya açılan paltar şkafı kimi! Lakin bura mühəndislərin Narniası idi. Birinci zirzəmidə orijinal hidravlik nasoslar var idi. Çox böyük olan ikinci zirzəmidə isə taxtadan bədheybət gizlənmişdi; müvəqqəti enerji anbarı olaraq istifadə olunan iki mərtəbəli bina hündürlüyünə sahib çarx! Bu bir növ batareya olsa da elektriklə əlaqəsi yox idi. Mənim ən çox maraqlandığım isə üçüncü zirzəmi idi. Çünki tarazlıq ağırlığı bu hissədə yerləşirdi. 

2 qüllə arasındakı körpü ortadan ayrıla bilir. Hər il təxminən min dəfə hansısa gəmi bu körpünün altından keçməyə məcbur olur və körpünün üzərində gediş-gəliş dayanır. Körpünün hər iki qanadı yuxarı qalxır. Həmin an dayaq nöqtəsinin digər tərəfində, qüllənin altında, bizim dayandığımız qaranlıq otaqda gizlənən hissə aşağı düşməyə başlayır. Tur rəhbərimiz Qlenin əhvalı yerindədir. ”Burada təxminən 460 tonluq qurğuşun və dəmir külçə var”, deyir. ”Körpü açılarkən çıxardığı səsi eşidə bilərsiniz. Körpüdə hansısa dəyişiklik edildiyi zaman, nəsə əlavə olunduqda və ya çıxarıldıqda burada da eynisini edirlər ki, qüsursuz tarazlığı pozulmasın.” 

İşin sirri tarazlıqdadır. Tarazlıq nöqtəsinin bir tərəfində nə varsa qarşı tərəflə tamamilə tarazlıq halındadır. Əslində, körpünü qaldıran nəsə yoxdur. Bu qurğuların yeganə gördükləri iş yelləncəkliyi digər tərəfə doğru hərəkət etdirməkdən ibarətdir. Enerji sadəcə çarxların sürtünməsinin öhdəsindən gəlmək üçün istifadə olunur. Cazibə qüvvəsi problem olmaqdan uzaqlaşır, çünki bir tərəfin aşağı dartması digər tərəfin aşağı dartmasıyla tarazlaşır. Cazibə qüvvəsini aradan qaldıra bilmərik, amma onu özünə qarşı istifadə edə bilərik. Və Viktoriya dövrünün sakinlərinin edə bildiyi kimi bu iş üçün istədiyiniz böyüklükdə yelləncək hazırlaya bilərsiniz. 

Turu tamamladıqdan sonra çay boyunca biraz gəzib körpüyə uzaqdan baxdım. Buradan da möhtəşəm görünürdü. Viktoriya dövründə bəlkə elektrik və ya komputer yox idi, plastik və yaxud dəmirli beton da yox idi, lakin o dövrdə yaşayan insanlar bəsit fizika qanunlarının mahir ustaları idi və bu körpünün sadə üslubu məni valeh etmişdi. Körpü 120 il sonra demək olar ki, heç bir dəyişiklik olunmadan, hələ də mükəmmələ yaxın vəziyyətdə işləyir. Bunu yəqin ki, sadə qanuna əsaslanmasına borcludur. Qüllələrin neo-qotik (nağıllar aləmindəki qəsrlərin texniki adı) üslubu əslində altındakı nəhəng yelləncəyi örtmək üçün asılmış poster idi. Əgər bir daha belə bir körpü inşa edilsə qüllələrdən hansınınsa şəffaf tikilməsini tələb edərdim. Bəlkə o zaman hər kəs onun necə mükəmməl işlədiyini görərdi!

Müəllif: Helen Czerski (Fincandakı fırtına) 

Tərcümə: Orxan Oğuz