2014-cü ildə Çin hökuməti, vətəndaşlar arasında nizam-intizam yaratmaq məqsədilə yeni bir sistem hazırladığını elan etdi. Adı “Sosial Qiymətləndirmə Sistemi” olan bu qanunla vətəndaşların “yaxşı” və “pis” əməllərinə görə onlara xal verilir və yaxud xallarından kəsilir. “Pis” əməllərə misal olaraq yol hərəkəti qaydalarının pozulması, ictimai yerlərdə siqaret çəkilməsi, yalan xəbərlərin internetdə paylaşılması və sair göstərilir. Daha çox xalı olan “nümunəvi” vətəndaşlara müxtəlif sosial güzəştlər edilir, iqtisadi imtiyazlar verilir. Xalı az olan vətəndaşlara isə təyyarə ilə səyahətə icazə verilmir, onlar yaxşı iş yerlərinə qəbul edilmir, internet sürətləri zəiflədilir, çoxulduzlu otellərə qəbul edilmirlər, uşaqları isə yüksək keyfiyyətli məktəblərdə oxuya bilmirlər.

Sistem hələ ki, Çinin bəzi şəhərlərində və şirkətlərində aktivdir, tam olaraq isə 2020-ci ildən bütün ölkəyə tətbiq olunacağı gözlənilir.
Sistem bir çoxları tərəfindən distopik olaraq qiymətləndirilir. Çin hökuməti isə tənqidlərlə razılaşmayaraq sistemin vətəndaşlar arasında etibarı artırdığına inanır.