Triqonometriya – üçbucağın məlum verilənlərinə görə onun naməlum parametrlərinin hesablanması məqsədi ilə yaradılmışdı. Belə ki, triqonometriyanın üsulları ilə üçbucağın verilmiş tərəflərinə görə onun bucaqlarını, məlum sahəsi və 2 bucağına görə onun tərəflərini tapmaq olar. Üçbucağın naməlum parametrlərinin tapılması zərurəti ilk dəfə astronomiya elmi üçün vacib hesab edilmiş və uzun müddət triqonometriya astronomiyanın bir bölməsi kimi fəaliyyət göstərmişdir.
Verilmiş üçbucağın naməlum parametrlərinin tapılması üsulları hələ bizim eramızdan bir neçə əsr əvvəl Qədim Yunanıstan alimləri tərəfindən tapılmışdı.
Yunan alimləri sinus, kosinus və tangensdən istifadə etmirdilər. Onlar bu kəmiyyətlərin cədvəlləri əvəzinə çevrə qövsünə görə uyğun vətərin tapılmasına imkan verən cədvəllərdən istifadə edirdilər. Triqonometriyanın sonrakı inkişafı haqqında məlumatlara orta əsr hind və ərəb alimlərinin əsərlərində təsadüf etmək olar.
Triqonometriyanın müasir hərfi işarələri XVII əsrin ortalarında meydana çıxmışdır. Təxminən həmin vaxtda da triqonometriyaya bucağın radian ölçüsü, ədədi funksiyanın triqonometrik funksiyaları və tərs triqonometrik funksiyalar kimi terminlər daxil edildi.
Bundan sonra triqonometriya öz müasir formasını aldı.