Cinsəllik valideynlərin uşaqları ilə danışmaqda çətinlik çəktikləri mövzulardan biridir. Bəs, uşaqlar cinsi orqanları ilə bağlı hansı yaşda nə qədər məlumatlı olmalıdırlar? Necə doğulduqlarını soruşan uşaqlarımıza hansı cavabları verməliyik? “Səni leyləklər gətirdi”, “bazardan almışıq” kimi hekayələrlə onları yola verməli, yoxsa həqiqətləri deməliyik?

Bu mövzuya ən başdan iki əsas tövsiyyə ilə başlamaq yararlıdır.

1. Valideynlər olaraq özünüzü cinsəllik mövzusuna və bu mövzu haqqında danışmağa nə qədər tez alışdırsanız uşaqlarınızın gələcək dünyagörüşünün və davranış qəliblərini faydalı formada dəyişdirə biləcəksiniz.

2. Elmlə maraqlanın və ailənizdə elm mədəniyyətini təbliğ edin. Cinsəllik mövzusu biologiya, psixologiya, pediatriya və sosiologiya kimi elm sahələrinin bir arada araşdırma apardığı mövzudur. Həmin elmi sahələrindəki araşdırmalar haqqında az da olsa məlumatlı olmağınız sizə övladınız üçün cinsi tərbiyə verməkdə yardımçı olacaq. Təbii ki, istənilən halda cinsəllik haqqında danışmaq cəmiyyətimizdə ayıb sayılır. Ona görə də insanlar bu barədə xeyli utancaqdırlar. Ancaq, uşaqlar bütün hallarda suallar verəcəklər. Əgər valideynlər onlara elmi yolla cavablar verə bilməsələr, onlar cavabları internet və ya yad insanlardan öyrənəcəklər. Bu da onların gələcəkdəki davranışlarına və dünyagörüşlərinə mənfi təsir edə bilər.

  • 0-3 yaş – bədəni kəşfetmə və terminləri öyrənmə dövrü

Uşaqların bu yaşda hamamda və bez dəyişdirilmə zamanı cinsi orqanlarına toxunmaları, penislərinin sərtləşməsi (ereksiya) normal haldır. Əsla onları vurmayın və zorla əllərini cinsi orqanlarından uzaqlaşdırmayın. Onlara gülmək və qəribə üz hərəkətləri də etmək olmaz. Uşaqlara erkən yaşdan bədən üzvlərini öyrədin. Ancaq, bunu başqa insanlara göstərmək üçün etmək olmaz (“dayıya göstər”). Uşaqlara cinsi orqanların adını rəsmi şəkildə deyin. Oğlanlardakı orqanın adı penis, qızlardakı isə vaginadır. Orqanlara saxta adlar vermək olmaz. Çünki, cinsi orqanlara saxta adlar qoyanda uşaqlar orqanların gerçək adlarının pis məna daşıdığını fikirləşirlər. Nəticədə, gələcəkdə cinsi orqanlarında tibbi problemlər olduqda özlərini ifadə etməkdə çətinlik çəkirlər. Həmçinin cinsi təcavüzə uğradıqlarında gizlədirlər. 0-3 yaş arasında uşaqların evdə çılpaq gəzmələrinə icazə verin. Çünki, uşaqlar evdə çılpaq gəzməyi çox sevirlər. Ancaq, onlara dəqiq şəkildə hansı bölgələrin “özəl” olduğunu, hamamdan çıxanda və cəmiyyət arasında özəl bölgələrinin örtülü olmasını başa salın.

  • 4-5 yaş – uşaqların necə doğulduqları ilə maraqlandığı dövr

Məktəbqabağı dövrdə cinsiyyət mövzusunda maraqları xeyli inkişaf edir. Xüsusilə qadınlarla kişilərin niyə fərqli görünüşlərini, geyimlərini, davranışlarını sorğulamağa başlayırlar. Ən önəmlisi isə cinsəlliklə bağlı sualları bu yaşda soruşmağa başlayırlar. Suallar daha çox “Uşaqlar hardan gəlir?”, ”Ananın qarnından uşaq necə çıxır?” kimi olur. Məktəbqabağı uşaqların öz cinsi orqanlarına toxunmasını normal qəbul edin. Çünki, onlar hələ də yetkinlər kimi toxunmur. Ancaq, bu yaşda uşaqlar bəzən müxtəlif oyunlar zamanı bir-birinin cinsi orqanlarına toxunmağa və baxmağa çalışırlar. Bu zaman əsla onlara əsəbləşmək və vurmaq olmaz. Onlara həmin bölgələrin “özəl” olduğunu və başqalarına göstərməyin doğru olmadığını dostca başa salın. Oyunlar zamanı uşaqların cinsi orqanlar mövzusuna keçdiyini gördükdə yenə də sakit şəkildə onların fikrini başqa şeylərlə yayındırın. Bunu elə etmək lazımdır ki, uşaqlar qorxmasınlar. Uşağınız 4-5 yaş arası olduqda başqa qohumlarınızın uşağınızın (daha çox oğlan uşaqları) cinsi orqanlarına zarafatyana toxunmalarına əslə icazə verməyin. Cinsi orqanlara sadəcə həkimlər və siz valideyinlər toxuna bilərsiniz. Bu uşaqlarda cinsi orqanlarını təcavüzlərdən qoruma fikrini də aşılayacaqdır. Bu yaşda uşaqlar gec-tez necə yarandıqlarını soruşacaqlar. Onlara normal şəkildə “Anaların qarnında bir yumurta olduğunu və atalarda olan spermlər vasitəsilə bu yumurtadan uşaq əmələ gəldiyini”, deyin. Əsla nağıl danışmayın.


NİYƏ CİNSİ ƏLAQƏYƏ GİRİRİK?


  • 6-7 yaş – İpucları toplamaq və sərhədləri müəyyənləşdirmək dövrü

Məktəb dövründə uşaqlarınız artıq cinsəlliklə bağlı ipuclarını toplamağa başlayacaqlar. Belə ki, onlar kişi ilə qadının bədən fərqinin necə olduğunu, uşaqların necə doğulduğunu, yetkinlər arasında cinsi əlaqənin necə baş verdiyini tam mənada anlamağa çalışırlar. Əgər uşağınız qıdıqlanmağı və çılpaq gəzməyi sevmirsə, onun öz sərhədlərini tanımalısınız. Bu yaşda uşaqlara sevginin nə olduğundan danışmaq önəmlidir. Çünki, uşaq ərgənlik və yetkinlik yaşına çatdıqda insanlararası sevgi münasibətinin bir dəyər olduğunu və zədələnməməsi gərəkdiyini anlamalıdır. Bununla yanaşı, uşaqlarınıza gələcəkdə münasibətdə olacağı insana qarşı sevgi və hörmətlə davranmalı olduğunu, sevgidə gücün əsla mövcud olmamasını izah etməlisiniz. Çünki, unutmayın, uşaqlarınız hər şeyi müşahidə edir və etdiklərini beyninə yerləşdirir. Bu yaş arasında onları doğru yönləndirmək gələcəkdə ailəiçi şiddətdən və cinsi təcavüzdən qorumağa köməklik etmiş olacaqdır.

  • 8-12 yaş – Ərgənliyə giriş və cinsi əlaqə haqqında düşüncələr dövrü

8-12 yaş ərgənliyə gedən yolun başlanğıcıdır. Bu dövrdə uşaqlar cinsəlliklə bağlı artıq utancaq olurlar. Sualların sayı azalır. Məhz, bu dövrdə onları dürüst başa salmaq çox önəmlidir. Onlara cinsi əlaqənin aralarında sevgi münasibətinin olduğu insanlar arasında baş verdiyini vurğulayın. Uşaqlar bu yaş aralığında masturbasiya etməyə başlayırlar. Bu yaşda uşağınıza utanmadan porno haqqında xəbərdarlıq edin! Uşaqlar təxminən 10 yaşında porno ilə tanış olurlar. Uşağınıza porno izləməyin beyin inkişafına və duyğusal münasibətə mənfi təsir göstərdiyini başa salın. İnternet saytlarında yayımlanan pornoqrafik davranışların real həyatda üst-üstdə düşmədiyini də deyin.

  • 13-17 yaş – Cinsi əlaqə ilə tam tanışlıq dövrü

Artıq bu yaş dövründə uşaqlar cinsi əlaqənin detallarını bilir. Bu yaşda uşaqların əks cinsə qarşı davranışlarına nəzarət etmək və onları düzgün istiqamətləndirmək şərtdir.


Yazı: Şaiq Abdulla

Redaktə: Orxan Oğuz