Yoxluğu təsvir etmək…Gəlin, bir təcrübə aparaq. Yoxluq deyərkən ağlınızda nə canlandı? Varlıq, elə deyilmi? Bəli, əslində olmayanı təsvir etmək elə öz-özünə varlıq deməkdir. Bəs doğrudan da yoxluğu təsvir etmək mümkündürmü? İnsan beyni ancaq gördüyünü və duyduğunu düşünür və ancaq hissləri üzərindən fikir bildirir. Məsələn, kainatın sonundan sonrakı ölçüsü, zamandan əvvəli, yəni zamansızlığı, eləcə də mövzumuz olan yoxluğu insan zehnində canlandıra bilməz, fikir irəli sürməkdə aciz qalar. Elə məhz bu səbəblə elm təcrübi olaraq irəliləyir. İnsanlar pillə-pillə irəliləyirlər. Atdığımız addımdan 2-3 addım sonrasını görə bilmərik. Bu beynin işləmə forması və tutumundan qaynaqlanır. Bu səbəblə də yoxluq deyən zaman beynimiz əslində mövcud olan nəyisə canlandırır. Əslində sözün tam mənasında yoxluğu düşünə bilmərik. Yoxluq deyə düşündüyümüz əslində bir varlıqdır. Məsələn, çoxumuzun zehnində yoxluq konkret qaranlıq deməkdir. Fikir adamları isə yoxluğu təsvir edərkən maddi və mənəvi anlamda mövcud olmayan şey desələr də sonralar şey sözünün istifadəsini məqsədəuyğun hesab etməyiblər. Çünki şeysözü mövcud olanın təsvirində istifadə olunduğundan yoxluğun təsvirində istifadəsi düz olmazdı. Bu səbəblə də yoxluğa bir şey belə olmayan deyənlər də var idi. Riyazi sıfır istifadə oluna bilər deyənlər üçün sıfır da varlıqdır, çünki rəqəmlərin sağında bir dəyəri var. Bundan başqa, sıfırın əvvəli olduğu halda yoxluğun əvvəli yoxdur. İbn Sina deyir ki, varlıq öz-özlüyündən bilinir, yoxluq isə müəyyən yerə qədər varlıq vasitəsilə müəyyən olunur. Bu bir həqiqətdir. Yoxluğu ancaq varlıqla ifadə edə bilərik. Çünki beynimiz gördüyü qədərilə düşünür və məntiq qurur.