Yazı: Cəfər Cəfərli

Siyasi sistem

 Danışdığımız dövrdə Yunanıstanda dünyanın başqa yerlərində rastlanmayan siyasi sistem var idi. Bu şəhər dövlətləri sistemi idi. Doğrudur, Yunanıstandan əvvəl Qədim İkiçayarasında da şəhər dövlətləri var idi, ancaq bu şəhər dövlətləri tezliklə öz müstəqilliklərini itirərək mərkəzləşmiş imperiyalara qatılırdılar. Yunanıstan isə Böyük İskəndərə qədər mərkəzləşmiş bir dövlət deyildi. Bunun da təməlində coğrafi və tarixi səbəblər vardır. Coğrafi səbəblərə artıq toxunduğumuza görə burada Yunanıstanın o dövrki tarixindən bəhs etmək yerinə düşərdi.

Yunanıstan yerli xalqları haqqında o qədər də çox məlumat yoxdur. Eramızdan əvvəl 2-ci minilliyin əvvəllərində şərqi hind-alman mənşəli olduğu bilinən axeylilər Yunanıstanı ələ keçirirlər və burada yaşayan yerli xalqla qarışırlar. 16-cı əsrdəm etibarən axeylər Krit mədəniyyətinin təsiri altında qalaraq yüksək mədəni inkişafa çatırlar. Bu mədəniyyət Miken mədəniyyəti adlanır.

Eramızdan əvvəl 12-ci əsrdə trakiyalıların (bugünki Bolqarıstan ərazisi qədimdə Trakiya adlanırdı) yaşadığı cənub-qərbi Balkan ərazisinə illiriyalılar (Balkan yarımadasının Adriatik dənizi sahilləri İlliriya adlanırdı) soxulur və bir çox trak qəbiləsini yurdlarından didərgin salır. Bu trak xalqları, xüsusən də friqlər Mərmərə dənizindən Anadoluya keçir, ölkənin qərbindəki yerli xalqlarla birləşib Anadoludakı Hitit dövlətini dağıdırlar.

Egey köçləri adlandırılan bu köçlər Yunanıstana da öz təsirini göstərir. Yaranan boşluqdan axeylər də istifadə edib Anadolunun qərb hissəsinə köçməyə başlayırlar. Troya dastanında da axeylərin qərbi Anadolunu ələ keçirməyə çalışdığını görürük. 1150-ci illərdə isə bu dəfə Dor qəbilələri Yunanıstana girir və bu xalqın hakimiyyətinə razı olmayan daha çox axeyli Anadoluya köçməyə başlayır. Anadolunun qərbində yunanlar şəhər dövlətləri qurmağa başlayırlar. Bu şəhərlər ticarət yollarının üzərində yerləşdiyinə görə tez bir zamanda inkişaf edirlər. Nəticədə, İoniyada şəhər dövlətləri Yunanıstanın özündən daha əvvəl meydana gəlir. İoniya mədəniyyəti adlandırılan bu mədəniyyət əslində 5-ci əsrdə Yunanıstanda yaranacaq mədəniyyətdən üstün idi.

İlkin olaraq İoniyada yaranan şəhər dövlətlərinin başlıca idealı sərbəst olmaq idi. Öz qaydalarını yaratmağı, öz ehtiyaclarını özləri qarşılamağı sevirdilər. Bu dövrdə şərq dövlətləri hökmdarın idarəçilik haqqının ona tanrı tərəfindən verilməsinə inandığına görə gücü sərhədsiz idi. Yunanıstanda isə hökmdarın hüquqları məhdud idi. Hökmdar həmişə xalq məclislərinə hesabat verməli idi. Zaman keçdikcə isə hökmdarın hüquqları daha da məhdudlaşdırılırdı. İqtisadi və sosial inkişaf zəminində güclənən aristokratlar isə tədricən bu hökmdarları qanlı və ya qansız inqilablarla tamamilə aradan götürdülər.

Yunan torpaqlarının əkinə yararsız olduğundan ticarətə və dənizçiliyə meylləndiyini qeyd etmişdik. Eramızdan əvvəl 9-cu əsrdən etibarən yunanların o dövrün bilinən sərhədlərini aşmağa başladığı görünür. 8-ci əsrdən isə nəinki şərq, hətta o vaxta qədər əfsanəvi sayılan qərb ölkələri ilə də ticarət əlaqələri qururlar.

Yunanların şərq xalqları ilə, xüsusən, finikiyalılarla sıx ticarət əlaqələrinin olması onların mədəni inkişafına ciddi təsir etdi. 9-cu əsrdə yunanlar finikiyalılardan yazını öyrəndilər. I Psammetix dövründə Misirlə ticarət əlaqələrinin qurulması nəticəsində yunanlar papirusla (yazı materialı) tanış oldular. 8-ci yüzil sonlarında Lidiyalılar puldan istifadə etməyə başlayırlar və bu dəmir pullar İoniya və Yunanıstana da yayılır. Bu hadisə dövrün iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayır. Ticarətdə puldan istifadə yeni bir sinfin, tacir sinfinin yaranmasına səbəb olur. Bu yeni tacir sinfi bir müddət sonra aşağı xalq təbəqələri ilə birləşib yerli aristokratlara qarşı mübarizə aparmağa başlayırlar. Uzun illər çekən bu daxili mübarizə bütün yunan şəhərlərində demokratiyaya aparan yolda bir “keçid dövrü” adlandıra biləcəyimiz və yalnız Yunanıstanda rast gəlinən bir rejimin yaranmasına səbəb olur ki, buna tiranlıq deyilir.        

         Tiran (tyrannos) deyiləndə bəzən adi xalqın arasından çıxmış, bəzən də varlı təbəqədən çıxmış, ancaq xalqın inamını qazanmış və çevriliş yolu ilə hakimiyyətə gəlib tək başına hökm sürən adamlar nəzərdə tutulur. Tiranların krallardan yeganə fərqi onların qeyri-qanuni yolla hakimiyyətə gəlməsi idi. Buna görə də tiranlar öz hakimiyyətlərini qorumaq üçün xalqı razı saxlamağa çalışır, sənətkarları, şairləri, alimləri himayə edirdilər. Ancaq tiranların dövrü çox çəkmir və 6-cı əsrdən etibarən yunan şəhərlərində demokratiya ortaya çıxmağa başlayır.

Yunanıstanda fəlsəfə və elmin yarandığı 6-cı əsrə qədər baş verən sosial-siyasi hadisələrin qısa icmalını belə verə bilərik: Əvvəla, Yunanıstanda mərkəzləşmiş dövlət yox idi, bir şəhərdə yaşayan filosof əgər öz fikirlərinə görə o şəhərin xalqı və ya tiranı ilə problem yaşayırdısa, başqa bir şəhərə köçüb orada öz düşüncələrini qoruya bilirdi. Məsələn, Samos adasındakı şəhərin tiranı ilə problemləri olan Pifaqor Siciliyadakı Aqriqentuma, Afinada aristokratların təzyiqinə məruz qalan Anaksaqor isə Lampsekiyə sığınır, böyük İskəndərin ölümündən sonra təzyiqlərə məruz qalan Aristotel də ömrünün son ilini Xalkisdə yaşayır. Gücü imperiyanın hər küncünə çatan Əhəməni va ya qədim və orta çağın digər mərkəzləşmiş imperiyalarında isə azad düşüncənin qaça biləcəyi yer yox idi.

Həmçinin, krallıqdan demokratiyaya gedən yolda bir-biri ilə mübarizə aparan siniflər filosofların simasında özlərinə ideoloqlar tapmışdılar. Məsələn, Heraklit, Pifaqor, Platon kimiləri aristokrat partiyaların tərəfini tuturdusa, demokratlar da Empedokl, Demokrit, Protaqor kimilərinin dəstəyini alırdı. Belə fərqli fikirlərin ortaya atılması və müdafiə edilməsi şəhər dövləti sisteminin mərkəzləşmiş dövlətlərə nəzərən azad düşüncə üçün nə qədər əlverişli olduğunu göstərir.

Digər tərəfdən şəhər dövlətləri öz insanlarına təbəə yox, vətəndaş olmaq imkanı verirdi. Platon ideal dövlətin əhalisinin sayını 5040 olaraq müəyyənləşdirmişdi, yenə Aristotel də ideal dövlətin əhali sayının və ərazi genişliyinin müəyyən sərhədlər daxilində olmalı olduğunu deyirdi. Çünki qədim dövrün yunanı bizim kimi xəyali bir demokratiyanı, yaxud demokratiyanın illuziyasını istəmirdi. Onlar vətəndaşların müxtəlif xidmət sahələrinə təyin olunduğu, idarəetmədə iştirak etdiyi gerçək demokratiyaya inanır və bunun arxasıyca gedirdilər.