Düşünək ki, uğurlu planlama nəticəsində Yupiterə doğru uzun bir səyahəti başa vurdunuz və planetin yaxınlığındasınız. Gəlin başınıza gələ biləcək hadisələrə ardıcıllıqla baxaq;

Əvvəla, xüsusi bir kosmik geyiminiz yoxdursa Yupiter atmosferinin hər hansı nöqtəsində oksigenin olmaması sizi ən gec 1-2 dəqiqə ərzində öldürəcək. Bu səbəblə, xüsusi geyiminizin olduğunu nəzərə alırıq və davam edirik. Yupiter tamamilə qazdan ibarətdir, yəni qatı səthi yoxdur. Bu o deməkdir ki, eynilə havada yeriyə bilmədiyiniz kimi Yupiterdəki qazların da üzərində yeriyə bilməzsiniz.

Yupiterin qazdan ibarət qatları mərkəzə doğru getdikcə sıxlaşmağa başlayır. Lakin ən xarici hissədə bu qaz təbəqələri xeyli incədir. Təbii ki, hələ qaz qatlarının üstündəykən belə, yəni səth adlandırıla biləcək sıxlıqdakı qaz qatlarından təxminən 300.000 km uzaqlıqda olarkən radiasiya zəhərlənməsi səbəbilə çox qısa müddət ərzində öləcəksiniz.

Ehtimallara davam edək və xüsusi geyiminizin sizi radiasiyadan da qoruyacağını düşünək. Bu dəfə də Yupiterin nəhəng kütləsi səbəbilə atmosferə giriş elə sürətli baş verəcək ki, Yer atmosferinə daxil olan meteorid kimi hiss edəcəksiniz.

Tutaq ki, bu problemi də həll etdiniz və üst atmosferin ortalarına qədər gəldiniz. Burada təzyiq Yer səthindəkinə bərabər olacaq və qismən daha əlverişli mühitin olduğunu hiss edəcəksiniz. Bu mərhələdə mərkəzə doğru irəliləsəniz atmosfer bir xeyli sıxlaşdığı üçün eniş sürətiniz nisbətən daha yavaş olacaq; saatda 3200 km-ə qədər. Amma nəzərə almalısınız ki, bu sürətlə hərəkət edərkən yanmaqdan xilas olacaqsınız.

Bu hissəni də sağ-salamat keçə bilməyiniz üçün bir paraşütünüzün olduğunu düşünək. Bu hissəni keçərkən temperatur da 0-dan yuxarı qalxacaq və Yerə oxşar səviyyələr yaranacaq. Son hala bir də baxaq; radiasiyadan qoruyan geyiminiz və paraşütünüz var; enmə sürətiniz yavaş, temperatur və təzyiq Yerdəkinə yaxın.

5 dəqiqə sonra hiss etdiyiniz təzyiq 2 qat artacaq. Ətrafınızdakı buludlar dəyişəcək və ammonium hidrosulfatla ammonium sulfiddən ibarət olacaqlar. Normal buludlardan fərqli görünsələr də dərinliklərə endikcə qəhvəyiləşəcəklər. Bu hal hər nə qədər normal olmasa da heç bir problem yaratmayacaq.

10 dəqiqə sonra təzyiq 4 dəfə artacaq. Bu da dənizlərimizdə suyun 30 metr dərinliyində hiss edəcəyiniz təzyiqə bərabərdir. Temperatur da -40 dərəcəyə qədər enəcək. Amma xüsusi geyiminiz sayəsində donmaq və ya yanmaq kimi problemlərinizin olmadığını düşünə bilərsiniz. Bundan başqa, ətrafınızdakı buludlar buz formasında olacaq; səthdən də yaxşıca uzaqlaşdığınız üçün Günəş şüaları yerləşdiyiniz mövqeyə daha az çatacağından hər yerin getdikcə daha da qaranlıqlaşdığını görəcəksiniz. Bu bəs etmirmiş kimi sürəti saatda 720 km/saat-a çatan küləklər də yaranacaq.