Gənc vaxtı Freud elmin cazibəsinə qapılıb, nevrologiya təhsili aldı. Qısa bir müddətdə özünə klinika açdı və psixiatrik xəstələri müayinə etməyə başladı. Və bu zaman müşahidə etdiyi şeydən yola çıxaraq bütün dünyanı dəyişəcək fikrini irəli sürdü. İnsanların davranışları çox vaxt şüurdan uzaqda hansısa başqa faktorların təsiri ilə yönləndirilir. Freuda görə, şüur sadəcə aysberqin görünən tərəfidir. Aysberqin suyun altında qalan digər böyük hissəsi isə şüuraltıdır, hansı ki, bizim davranışlarımızın və fikirlərimizin böyük hissəsini yönləndirməsinə baxmayaraq biz bunu hiss etmirik. Şüuraltı anlayışının tərkibində yatan məvhumlar isə dərkedilməyən hislər, arzular, istəklər və instinktlərdi.

Bu baxış bucağı psixologiyada inqilab yaratmağa kifayət etmişdi. Daha əvvəllər cin girməsi, şeytanın müdaxilə etməsi və insanı yoldan çıxarması kimi adlanan vəziyyətlər artıq başqa cür mənalandırıldı. Bu kimi şüurdan və iradədən kənar görünən halların səbəbini Freud fövqəltəbii qüvvələrdə deyil, beyinin dərinliklərində axtarırdı. Freudun dahiliyi ondadır ki, dövrümüzün texnologiyalarının müəyyən etdiyi faktları o, xəstələrin danışıqlarından topladığı bilgiləri düzgün analiz edərək müəyyən etmişdi. Bu böyük alim insanların etdiyi dil sürüşmələrini, qəzai davranışlarını, yuxularını incələyərək hər birinin şüuraltı məqsədə xidmət etdiyini aşkar etmişdi. Freud bütün bu halların insanın bilavasitə dərk edə bilməyəcəyi neyron mexanizmləri tərəfindən idarə edildiyi ideyasını şiddətlə müdafiə edirdi. O, əmin idi ki, üzə çıxan davranışları incələyərək şüuraltını – aysberqin görünməyən hissəsini anlamaq mümkündür.

Bu dövrdə Freudun müəllimi və yaxın dostu olan İosef Breuler yeni bir metod yaratmışdı. Belə ki, o, psixoloji pozuntulardan əziyyət çəkən xəstələrindən bu halın ilk dəfə necə üzə çıxdığını danışmalarını istəyirdi. Freud bu metodu nevrozlar, fobiyalı insanlar və paranoyaklar üzərində tətbiq etməklə kifayətlənmədi, həm də onu inkişaf etdirdi. Freuda görə bu kimi nevrotik halların səbəbi nə vaxtsa böyük ehtimalla uşaqlıqda yaşanan travmatik hadisələrdir. Bu səbəblər şüur sferasının gözündən yayınsa da şüuraltından qaça bilmirlər. Buna görə də xəstəni danışdırmaqda məqsəd bu səbəbləri şüuraltından çıxararaq onun dərk edə biləcəyi şüur sferasına gətirmək idi. Beləcə, insan öz problemi ilə həm intellektual, həm də emosional əlaqə yaradır.

Növbəti bir əsr boyunca bu metod psixoanalizin əsas bünövrəsini təşkil edəcəkdi. Freud düşüncə və davranışlarımızı yönləndirən dərk edə bilmədiyimiz faktorların mövcudluğunu sistematik şəkildə sübut edən ilk insan olaraq tarixə düşdü. Bu sahədə Breuler ilə önəmli araşdırmalar etdilər və sonradan Freudun əsas şüuraltı faktor kimi cinsəlliyi vurğulaması Breuleri ondan soyutdu. Bu dövrdə Freudun həyatında daha önəmli bir hadisə oldu.

Atasının qəfil ölümü ilə bağlı üzə çıxan yuxularını və düşüncələrini analiz edərkən Freudun tükləri biz-biz olurdu. Çünki beynində indiyədək varlığından xəbərsiz düşüncələrin olduğunu aşkar etmişdi. Öz yuxularını analiz edən Freud özünün məşhur The İnterpretation of Dreams (Yuxuların yozumu) kitabını yazdı. Bütün bunların ardınca o, azad iradə anlayışını sorğulamağa başladı. Madam ki, etdiklərimiz hiss və dərk edəbilmədiyimiz şüuraltı faktorlar tərəfindən yönləndirilir, o zaman azad iradə deyilən şey yoxdur. Bütün bu kəşflərin nəticəsində mən hesab edirəm ki, Fizikada Qalileo Qaliley kimdirsə, psixologiyada da Ziqmund Freyd odur. Çünki Qalileyə qədər hər kəs planetimizin kainatın mərkəzində yerləşdiyini düşünürdü. Qaliley sübut etdi ki, planetimiz nəinki kainatın, heç qalaktikanın da mərkəzində deyil. Eləcə də Freuda qədər hər kəs şüuru beynin mərkəzi strukturu hesab edirdi. Amma indi bilirik ki, şüurlu varlıq olaraq biz beyin adlanan kainatın sadəcə kiçik bir küncündəyik.

 

Yazı: Fuad Əsədov